Sual: Bu sualı İsrailin Fələstindəki Qəzza şəhərinə humanitar yardım aparan gəmilərə etdiyi basqınla əlaqədar olaraq soruşuram. Tarix kitablarında qeyd edilir ki, qədim dövrdə və ümumiyyətlə keçmişdə İsrail camaatı ya qətlə yetirilib, ya da sürgünə göndərilib. Yəni, onlara müxtəlif cəzalar verilib. Bu cəzalar barədə Quranda da nəsə deyilir?
Cavab: İsrail oğulları özlərini Allahın oğulları və sevimliləri hesab edən (Maidə, 5/18) ərköyün bir cəmiyyətdir. Buna görə də tarix boyu bəd əməllərlə məşğul olmuş və fitnə-fəsad törətmişlər. Nəticədə isə həmişə cəzaya məruz qalıblar.
Allah Təala belə buyurur:
“Rəbbin bir gün Qiyamət gününə qədər onlara ən pis cəza verməyə çalışanları göndərəcəyini elan etdi. Əlbəttə ki, sənin Rəbbin günahın əvəzini tez verir. Həqiqətən də, O, bağışlayandır, mərhəməti çoxdur.
Biz onları yer üzündə bölük-bölük etdik. Aralarında yaxşı olanlar da var, alçaqlar da. Biz onları bəlkə, xətalarından dönərlər deyə, həm yaxşılıqlar, həm də pisliklərlə sınaqlardan keçirdik”. (Əraf, 7/167-168)
Tarixdə İsrail oğullarına iki böyük cəza verilib:
Bunların birincisi bizim eramızdan əvvəl hökmdar Yehoyakimin dövründə baş verib. Babil hökmdarı Nabukadnəzzar (Buxtunnəsr) Qüdsə daxil olmuş, hökmdarı öz əmrinə tabe etmiş, əsir götürdüyü çoxlu insanı və onlarla birlikdə məbədin qiymətli əşyalarını aparmışdır. Aradan 3 il keçdikdən sonra oradakı hökmdar üsyan qaldırmış, buna görə də Nabukadnəzzar eramızdan əvvəl 597-ci ildə təzədən (ikinci dəfə) Qüdsə girmişdir. O, bu dəfə məbədin qalan əşyalarını, eləcə də yeni hökmdar Yehoyakimi Babilə aparıb. Onun yerinə isə Tsedekiyanı hökmdar təyin edib. Bunun üstündən 10 il keçdikdən sonra Nabukadnəzzar üçüncü dəfə Qüdsə tərəf hərəkət edib, şəhəri mühasirəyə almışdır. Şəhərdə dəhşətli aclıq baş vermiş, nəhayət, şəhər təslim olmuşdur. Məbəd, saray və ümumilikdə Qüds şəhəri yandırılmış, divarlar dağıdılmışdır. İnsanların bir hissəsi isə sürgünə göndərilib. Bu hadisələri aşağıdakı ayələr xəbər verir:
“Biz İsrail oğullarından ötrü Kitaba bu qərarı yerləşdirdik: “Siz bu yerdə 2 dəfə fitnə-fəsad törədəcəksiniz. Elə hey təkəbbür edəcəksiniz. Birincisinin şərtləri öz yerini tapdıqda (vaxtı gəlib çatdıqda) döyüş qabiliyyəti yüksək olan bəndələrimizi üstünüzə yolladıq. Onlar evlərin arasına qədər girdilər. Bu, yerinə yetirilmiş bir sözdür”. (İsra, 17/4-5)
İkinci böyük cəza isə miladi təqvimlə 70-ci ildə baş verdi. Bu dəfə Roma sərkərdəsi Titus şəhəri mühasirəyə aldı. Bu vaxt məbəd və demək olar ki, bütün şəhər yanıb kül oldu. Titus qərb tərəfindəki bir hissəni və 3 qüllədən başqa bütün divarları darmadağın etdirdi. Bu hadisə barədə Quranda belə deyilir:
“(Ey İsrail oğulları!) Sonra sizi düşmənlərinizə qarşı yenidən qüvvətləndirdik. Sizə var-dövlət və oğullarla dəstək verdik. Sayınızı da çoxaltdıq. Əgər yaxşılıq etsəniz, özünüzə edərsiniz. Pislik etsəniz, yenə özünüzə edərsiniz. İkinci cəzanın şərtləri öz yerini tapdıqda (vaxtı gəlib yetişdikdə) (düşmənlərinizi təzədən sizin üstünüzə göndərdik ki,) üzünüzü qara etsinlər. O məscidə birinci dəfə girənlər kimi girsinlər və ələ keçirdikləri hər şeyi yandırıb dağıtsınlar”. (İsra, 17/6-7)
Belə çıxır ki, keçmişdə olduğu kimi ərköyünlük edib, fitnə-fəsad törətsələr, böyük cəzalar yenə veriləcək. Allah Təala belə deyir:
“Ola bilsin ki, Rəbbiniz sizə yenə rəhm edər. Siz (fəsadınıza) qayıtsanız, biz də (cəzaya) qayıdarıq. Cəhənnəmi də kafirlər üçün ilişib qalmaq yeri etmişik”. (İsra, 17/8)
İsrail oğulları “Mavi Marmara” adlı gəmiyə tətbiq etdikləri basqın və qətliam da daxil olmaqla, bir neçə ildir ki, köhnə fitnə-fəsadlarını davam etdirirlər. Allah Təala onların pis olanlarına üçüncü cəzanı verə bilər. Şərtlər həmin istiqamətdə sürətlə irəliləyir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.