Müsəlmanlar
Müsəlmanlar Məkkə dövründə namazı dəstəmazsız qılırdılar?

Müsəlmanlar Məkkə dövründə namazı dəstəmazsız qılırdılar?

Sual: Məlumdur ki, namaz qılmaq hicrətdən əvvəl vacib edilib. Dəstəmazla əlaqədar Quran ayəsi isə peyğəmbərə Mədinədə nazil olub. Belə olan halda, müsəlmanlar namazı Məkkədə dəstəmazsız qılırdılar?

Cavab: Dəstəmaz almaq və namaz qılmaq digər ibadətlərdə olduğu kimi, ancaq Muhəmməd peyğəmbərə (s. a. v.) və onun ümmətinə deyil, bütün peyğəmbər və ümmətlərə vacib buyurulub. Ubeyy ibn Kəbdən (r. a.) belə bir rəvayət nəql edilir:

“Peyğəmbər (s. a. v.) su istədi və dəstəmaz üzvlərini bir dəfə yuyub, dəstəmaz aldı. Sonra dedi:

“Bu, insanın aldığı elə bir dəstəmazdır ki, onu yerinə yetirməsə, Allah heç bir namazını qəbul etməz”.

Bundan sonra peyğəmbər dəstəmaz üzvlərini iki dəfə yuyub, dəstəmaz aldı və belə buyurdu:

“Bu, insanın elə bir dəstəmazıdır ki, onu aldığı vaxt Allah ona ikiqat savab yazır”.

Sonra peyğəmbər (s. a. v.) yenə dəstəmaz aldı. Bu dəfə dəstəmazda yuyulmalı olan üzvlərini üç dəfə yudu və dedi:

“Bu, mənim və məndən əvvəlki rəsulların (peyğəmbərlərin) dəstəmazıdır”. ((İbn Macə, Təharət, 47.))

Yuxarıdakı hədis Əhməd ibn Hənbəlin hədis külliyatında da qeyd edilib. Orada axırıncı cümlə: “Bu, mənim və məndən qabaqkı nəbilərin (peyğəmbərlərin) dəstəmazıdır”, – formasında rəvayət olunub. ((Əhməd ibn Hənbəl, 2/98.))

Hədisdən məlum olur ki, peyğəmbərimiz: “Bu, mənim və məndən əvvəlki rəsulların/nəbilərin dəstəmazıdır”, – deyib. Deməli, belə çıxır ki, dəstəmaz Məkkədə insanlar tərəfindən bilinirdi. Yəni, onların bu barədə məlumatları var idi və namazlarını dəstəmaz alıb, qılırdılar. Lakin dəstəmazla əlaqədar Quran ayəsi ((Maidə surəsi, 6-cı ayə.)) sonralar nazil olub. Buna görə də həmin məlumatlar biz gəlib çatmamış ola bilər.

Üsamə ibn Zeydin atası Zeyd ibn Harisə əsasən rəvayət etdiyi başqa bir hədisdə deyildiyinə görə dəstəmaz və namaz ilk nazil olan vəhylə birgə Cəbrail əleyhissəlam tərəfindən peyğəmbərimizə öyrədilib. ((Əhməd in Hənbəl, 4/161.))

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı məlumatları da əlavə etmək mümkündür:

“Siyər alimləri həmrəyliklə qəbul edirlər ki, Cəbrail həzrəti peyğəmbərə namaz qılmağı və dəstəmaz almağı öyrədib; onlar birlikdə namaz qılıblar. Adı çəkilən ayənin enməsindən əvvəl heç vaxt dəstəmazsız namaz qılınmayıb. Müsəlman alimlərin hamısı yekdilliklə qəbul edirlər ki, dəstəmaz Cəbrailin öyrətməyi ilə bərabər Məkkədə namazla birlikdə vacib edilib və haqqında danışılan ayə mövcud olan bir hökmün əhəmiyyətli olduğuna dair qüvvətləndirmə və təqrir səviyyəsindədir. Dəstəmazın müvafiq ayə vasitəsilə vacib edilməsi, əvvəllər isə dəstəmaz almağın məndub olması barədə fərdi fikirlər (ayrı-ayrı şəxslərin fikirləri) də var. Beləliklə dəstəmaz məsələsi ona dair ixtilaf (fikir ayrılığı) olmayacaq dərəcədə qəti və müstəqil bir nəssə əsaslandırılmış və beləcə, namazla əlaqədar ikinci dərəcəli bir hökmün nəzərdən keçirilməsi ilə vaxt keçdikcə əhəmiyyət verilmədən bir kənara qoyulması ehtimalı da aradan qalxmışdır”. ((Abdulkadir Şener, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, “Abdest” bəndi, 1-ci cild, İstanbul, 1988,  s. 69.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.