Müsəlmanlar
Şeytan həmişə oyaq və fəal olur?

Şeytan həmişə oyaq və fəal olur?

Sual: Şeytan insana həmişə təsir göstərir? O heç bəd əməlindən çəkinmir?

Cavab: Sizin suallarınıza cavab vermək üçün ilahiyyatçı-alim Yaşar Qurbanovun “İSLAM DİNİ TERRORUN ƏLEYHİNƏDİR” adlı kitabının müvafiq fəslini təqdim edirik:

“Allah Adəm (ə. s.)-ı yaratdığı və bütün mələklərə: “Adəmə səcdə edin”, – deyə əmr etdiyi vaxt şeytan buna etiraz etmiş və bu üsyanı səbəbi ilə əbədən lənətlənmişdi. Bunadan sonra o, qiyamət gününə qədər insanları doğru yoldan azdırmaq üçün Allahdan izn istəmişdi. Allah bu izni ona verdikdən sonra şeytan belə vəd etdi:

Uca Allah buyurmuşdur:

«(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”. (Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!» (Əraf, 16-18)

Başqa bir ayədə şeytanın doğru yodan azdırma vədi belə açıqlanır:

«Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır». (Nisa, 119)

Əgər insan şeytanın bu xüsusiyyətindən bixəbər olsa, özünü ondan qoruya bilməz və asanlıqla onun tələlərinə düşə bilər. Bu səbəblə mömin Quranda xəbər verilən bu həqiqəti daima xatırlamalı, şeytanın zəlalətə dəvət edən çağırışlarına qarşı daima oyaq olmalıdır. Belə ki, bir ayədə belə buyurulur:

«Həqiqətən, şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır». (Fatir, 6)

Möminlər şeytanın hiylələrinə qarşı hamıdan daha diqqətli olmalıdırlar. Çünki şeytanın əsl məqsədi onları doğru yoldan azdırmaqdır. İnkarçıları azdırmaq üçün cəhd etməsinə ehtiyac yoxdur, çünki onlar onsuz da şeytanın ordusuna dönmüşdürlər. Bu səbəbdən şeytan var gücü ilə möminləri mənəvi cəhətdən zəiflətmək, onları müxtəlif məkrlərlə dini əxlaqı öz həyatlarına tətbiq etməkdən çəkindirməyə çalışır. Bu səbəbdəndir ki, Allah şeytanın fitnələrinə qarşı möminlərə belə xəbərdarlıq edir:

«Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!». (Nur, 21.)

Allahın Quranda bildirdiyi kimi şeytan bu fəaliyyəti ilə ixlaslı möminlərə təsir edə bilməyəcəkdir. Amma zəiflik göstərən və qəflətə düçar olanların şeytanın bu mənfi dəvətinin təsiri altında qalmaları mümkündür. Unutmamaq lazımdır ki, şeytan fəaliyyətini heç dayanmadan, fasiləsiz, daima davam etdirməkdədir. Mömin də buna qarşı daima Allahı zikr etməli, hər an diqqətli və mənəvi cəhətdən ayıq-sayıq olmalıdır”. ((Mənbə: Yaşar Qurbanov, “İslam Dini Terrorun Əleyhinədir”, Bakı, 2006-cı il, s. 27-29, fəslin adı: Şeytanın Heç Dayanmayan Fəaliyyəti. Əsər http://www.islamevi.az saytından şəxsən müəllifdən və saytın idarə heyətindən icazə alınmaqla götürülmüşdür.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.