Sual: İslam dini terroru necə tərif edir? Quranda terror barədə nə deyilir? Son zamanlarda müsəlmanların adı terror hadisələri ilə birlikdə hallanmağa başladı. Kütləvi informasiya vasitələrində məlumat yayılır ki, müsəlmanlar terror törədib günahsız insanları qətlə yetirirlər. Halbuki, biz bilirik ki, İslam dini sülh dinidir. Həqiqi müsəlman heç vaxt fitnə-fəsad yaratmaz, qarışıqlıq salmaz, iğtişaş və terror törətməz. Bu məsələləri Qurana əsasən necə izah etmək olar?
Cavab: Sizin suallarınıza cavab vermək üçün ilahiyyatçı-alim Yaşar Qurbanovun “İSLAM DİNİ TERRORUN ƏLEYHİNƏDİR” adlı kitabının müvafiq fəslini təqdim edirik:
“Terrorun ən başlıca mənası qeyri-hərbi, yəni mülki hədəflərə qarşı siyasi məqsədlə zor istifadə etməkdir. Başqa sözlə desək, terrorun hədəfləri tamamilə günahsız olan dinc insanlardır. Bu insanların yeganə “günahı” onun terrorçunun gözündə “qarşı tərəf, bizdən olmayan tərəf” olmasıdır. Bu səbəblə də terror günahsız insanlara qarşı zor tətbiq edilməsi mənasına gəlir ki, bunun da heç bir əxlaqi anlamı və üzrlü səbəbi yoxdur.
Quran Allahın insanlara yolgöstərən olaraq endirdiyi bir kitabdır və Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasında isə sevgi, şəfqət, xoşniyyətlilik, xeyirxahlıq, ədalət və mərhəmət kimi anlayışlar dayanır. Ərəb dilində “İslam” kəlməsi “sülh” sözü ilə eyni mənanı daşıyır. İslam özündə Allahın sonsuz mərhəmət və şəfqətini əks etdirən, insanlara rahatlıq və sülh dolu bir həyat bəxş etmək üçün Yer üzünə endirilmiş bir dindir. Quran ayələrində insanlar Yer üzündə mərhəmətin, şəfqətin, xoş münasibətin və sülhün yarana və yaşaya biləcəyi model olaraq məhz İslam əxlaqına çağırılır. “Bəqərə” surəsinin 208-ci ayəsində belə buyurulur:
«Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!»
Ayədən də göründüyü kimi, Allah insanların əmin-amanlığının onların Quran əxlaqına uyğun yaşaması ilə əldə olunacağını bildirir.
Quran əxlaqına görə, bir müsəlman onların müsəlman olub-olmamasından asılı olmayaraq bütün digər insanlarla mehriban və ədalətli davranmağa, zəifləri və günahsızları qorumağa və yer üzündə fitnə-fəsadın qarşısını almağa borclu və məsuldur. Fitnə-fəsad yer üzündə insanların əmin-amanlığını və rahatlığını, sülhü pozan hər cür anarxiya və terror halıdır. Bir ayədə də buyurulur ki, “Allah fitnə-fəsadı sevməz!”. (Əl-Bəqərə, 205)
Bir insanın günahsız yerə öldürülməsi isə ən böyük fitnə-fəsad nümunələrindən biridir. Allah Quranda bu vəziyyəti belə açıqlayır:
Allah taala buyurmuşdur:
“Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur”. (Əl-Maidə, 32)
Göründüyü kimi, tək bir insanı belə, “bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş” bir insanı belə öldürən bir adam bütün insanları öldürmüş qədər böyük bir günah qazanır. Bu halda terrorçuların törətdiyi cinayətin, soyqırımının və indi gündəmdə olan ifadə ilə desək, “intihar hücumları”nın nə qədər böyük bir günah olması aydın görünür. Allah terrorçuluğun bu əzazilliyinin axirətdəki “mükafatı”nın nə olacağını belə bildirir:
Allah taala buyurmuşdur:
«Cəza ancaq insanlara zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!». (Şura, 42)
Bütün bunlar göstərir ki, günahsız insanlara qarşı terror əməlləri hazırlamaq və onları həyata keçirmək İslama tamamilə zidd bir işdir və heç bir müsəlman belə bir günah edə bilməz. Əksinə, müsəlmanlar bu gün belə günah iş tutan insanların qarşısını almaqla Yer üzündəki fitnə-fəsadı aradan qaldırmağa və bütün insanlara rahatlıq və əmin-amanlıq gətirməyə görə məsuliyyət daşıyırlar. Müsəlmançılıq terrorla bir yerdə ola, hətta birgə təsəvvür edilə bilməz, əksinə, İslam terrorun qarşısındakı ən böyük maneə və terror probleminin çözülməsi yoludur”. ((Mənbə: Yaşar Qurbanov, “İslam Dini Terrorun Əleyhinədir”, Bakı, 2006-cı il, s. 12-14, fəslin adı: İslam Sülh Dinidir. Əsər http://www.islamevi.az saytından şəxsən müəllifdən və saytın idarə heyətindən icazə alınmaqla götürülmüşdür.))
QEYD: Bu məsələ ilə əlaqədar olaraq saytımızın aşağıdakı bölmələrinə də baxın:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.