Müsəlmanlar

Nəsx və izahı

Sual: Nəsx nə deməkdir? Deyirlər ki, Quranda nəsx var. Bunun mənası nədir? Həqiqətən də, belə ayələr mövcuddur? Misal verə bilərsiniz?

Cavab: Nəsx sözünün hərfi mənası bir şeyi başqa bir şeylə dəyişdirmək, onun yerinə başqasını qoymaq deməkdir. ((Lisanu’l-‘Ərəb lüğəti, ن س خ (Nun, SinXa hərfləri) bəndi.))

Qurani-Kərimdə deyilir:

“Biz bir ayəni [ayənin hökmünü] dəyişdirir [ləğv edir] və ya onu unutdururuqsa, ondan daha xeyirlisini, yaxud ona oxşarını gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?”. (Bəqərə, 2/106)

Allah Təala Quranda belə buyurur:

“Biz bir ayənin yerinə başqa bir ayə qoyanda [onun hökmünü ləğv edib, yerinə başqa bir ayə gətirəndə] – ki, Allah nə nazil etdiyini çox yaxşı bilir – [kafirlər Məhəmməd əleyhissəlama] belə dedilər: “Sən ancaq bir iftiraçısan!”. Xeyr! Onların əksəriyyəti bilmir”. (Nəhl, 16/101)

Yuxarıdakı ayədən başa düşüldüyü kimi, nəsx bir ayənin öz bənzəri, yaxud ondan daha yaxşısı ilə dəyişdirilməsidir. İlahi vəhydə ilk peyğəmbərdən sonuncu peyğəmbərə qədər bir bütünlük var. Qur’anda bu barədə belə deyilir:

“Allah Nuha buyurduğunu, sənə vəhy etdiyini, İbrahim, Musa və İsaya əmr etdiyini sizin üçün bu dinin şəriəti qılmışdır. Dini doğru-dürüst tutun [onu qoruyun], onda ixtilafa düşməyin”. (Şura, 42/13)

Deməli, Qur’ani-Kərim əvvəlki ilahi kitabları nəsx edib. Qur’an ayələrinin böyük əksəriyyəti Nuh, İbrahim, Musa və İsaya vəhy edilənlərə uyğun və bərabərdir. Bir qismi isə yalnız peyğəmbərimizə vəhy buyurulan və yüngülləşdirici hökmlər ehtiva edən ayələrdir.

Beləliklə, nəsxin iki şərti meydana çıxır:

1) Ayələr arasında olması;

2) Nəsx edilən ayənin özündən əvvəlki ilə eyni hökmü və ya ondan daha faydalı bir hökmü daşıması.

Sünnə Qur’ani-Kərimin bir növ şərhi olduğuna görə ona tabedir. Tabe olana isə ayrı bir hökm verilmir. Bir ayədə belə deyilir:

“Sənə bu Zikri [Qur’anı] nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən”. (Nəhl, 16/44)

İnsanlar peyğəmbərimizdən bə’zi şeylər tələb etmiş, bunların üstündən belə bir ayə nazil olmuşdur:

“Ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman, bizimlə görüşəcəklərinə [qarşılaşacaqlarına] ümid etməyənlər: “Ya bundan başqa bir Qur’an gətir, ya da bunu dəyişdir!”, – dedilər. [Onlara] De: “Mən onu özbaşıma dəyişdirə bilmərəm. Mən ancaq mənə nə vəhy edilirsə, ona tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük bir günün [Qiyamət gününün] əzabından qorxuram”. (Yunus, 10/15)

Belə mə’lum olur ki, bir ayə nəsx edildiyi zaman, peyğəmbərimizin o ayə ilə əlaqədar kəlam və tətbiqatları da nəsx edilir. Çünki peyğəmbər ona nə vəhy buyurulursa, o vəhyə tabe olur.

Bir ayənin sözlərinin ləğv edilib mə’nasının davam etdiyini irəli sürmək olmaz. Çünki bir ayə yalnız yeni bir ayə ilə nəsx edilə bilər. Beləliklə, yeni ayə əvvəlki ayənin sözlərini nəsx etdiyi kimi, onun mə’nasını da nəsx edir.

Nəsx edən ayə nəsx edilən ayədən daha ağır bir hökm daşımır. Bunu bu ayədə də görmək olar:

“Yanlarındakı Tövrat və İncildə yazılı gördükləri ümmi peyğəmbərə tabe olanlar… O, onlara yaxşı işlər görməyi buyurub, pis işləri qadağan edər. Onlara gözəl şeyləri halal, pis şeyləri haram qılar. Onların üzərindəki ağır yükləri qaldırıb, boyunlarındakı dəmir halqaları açar”. (Ə’raf, 7/157)

Bir ayənin ondan daha yaxşı bir ayə tərəfindən nəsx edilməsinə zina cəzasını misal göstərmək olar. Tövrat və İncildə zinanın cəzası ölümdür. Peyğəmbərimiz də bu cəzanı bir müddət tətbiq edib. Sonra bu hökm Qur’ani-Kərim tərəfindən nəsx edilib.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.