Müsəlmanlar
Hansı qohumlara baş çəkmək dini cəhətdən vacibdir?

Hansı qohumlara baş çəkmək dini cəhətdən vacibdir?

Sual: Ziyarət edilməyi fərz (vacib) olan qohumlar hansı qohumlardır? Mən bunu ona görə soruşuram ki, dinin buyuruqlarını layiqincə yerinə yetirə bilim. Deyirlər ki, qohum-əqrəbaya dəymək dini baxımdan vacibdir? Elə isə o qohumlara kimlər daxildir?

Cavab: Bir-birinin nəslindən gəlməklə və yaxud evlənmək səbəbindən tərəflərdən birinin qan qohumları və digər tərəfin arasında meydana gələn yaxınlığa qohumluq, bu mövqedə duran hər bir kəsə qohum deyilir. Ərəb dilində əqrəba sözü qohum və yaxın mənalarını verən qərib sözünün cəm formasıdır. Sözün əsli əqriba sözüdür. Amma bu söz Azərbaycan dilində əqrəba kimi işlədilir.

İslam dininə əsasən aşağıdakı qruplar qohum hesab edilir:

1) Eyni nəsildən gələnlərin qan qohumluğu.

2) Evlilik nəticəsində yaranan, yəni, evlənmək yolu ilə qurulan sihri qohumluq.

3) (Digər hüquq sistemlərindən fərqli olaraq) süd qohumları. Süd qohumluğu bir nəfərin süd əmmək dövründə (2 yaşına qədər) olduğu vaxt südünü əmdiyi qadın və qohumları ilə özünün arasında yaranan qohumluq əlaqəsidir. Misal üçün, südünü əmdiyi qadın onun süd anası, əri süd atası, uşaqları da süd qardaş-bacıları olur. İki yaşa qədər əmilən süd uşağın bədən quruluşunu tamamladığına görə əmizdirənin bir parçası, əmizdirən də əmənin eynilə doğma anası kimi bir anası mövqeyindədir. ((Akif Köten, Şamil İslam Ensiklopediyası.))

İnsanın ən yaxın qohumlarının arasında birinci yeri füru, yəni, uşaqları, nəvələri və nəvələrinin uşaqları olmaqla, öz zürriyyətindən tərəyən insanlar təşkil edirlər.

İkinci yerdə isə üsulu, yəni, ata-anası, babaları, nənələri və onların da ata-anaları olmaqla, zürriyyətindən əmələ gəldikləri əcdadı durur.

Üçüncü cərgədə qardaş-bacılar və onların uşaqları və nəvələri gəlir.

Dördüncü sıranı ana və atanın qardaş-bacıları, yəni, əmilər, bibilər, dayılar, xalalar və onların uşaqları təşkil edirlər. ((Hamza Aktan, İslamda İnanç, İbadet ve Günlük Yaşayış Ansiklopedisi.))

Vacib olan qohum ziyarətlərinə əvvəlcə böyüklərdən başlamaq lazımdır: Yəni, ana, ata, babalar, nənələr və varsa, onların da ata-anaları. Sonra əmilər, bibilər, dayılar, xalalar. Sonra isə kiçik qardaş-bacılar böyükləri ziyarət etməlidirlər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.