Müsəlmanlar
Borcu ola-ola ölən bir nəfərin borcunu ailə üzvləri ödəməyə məcburdur?

Borcu ola-ola ölən bir nəfərin borcunu ailə üzvləri ödəməyə məcburdur?

Sual: Mənim yoldaşım inşaat mühəndisi idi. Avtomobil qəzasında həlak oldu. Onun bəzi layihələri yarımçıq qaldı. Bəzi adamlardan layihə pulunu almışdı. O layihələri başa çatdıra bilmədi. Bəzi adamlara da layihələrini təhvil vermişdi, ancaq pulunu ala bilmədi. Yoldaşımın mənimlə evlənməmişdən qabaq da bəzi borcları var imiş. Mən bunu o rəhmətə getdikdən sonra öyrəndim. Sizə suallarım belədir: 1) Rəhmətə getdiyinə görə yoldaşımın boynunda kiminsə haqqı qalıb? 2) Yoldaşımın atasının (mənim qayınatam) var-dövləti olduğu halda, rəddi-miras edəcəyini öyrəndim. Məsələyə dini cəhətdən yanaşsaq, onlar bu halda borcu ödəməkdən azad ola bilərlər? Həqiqətən də, belə bir haqları var? 3) Mən vaxtilə bütün qızıllarımı yoldaşıma vermişdim. Əgər onun boynunda bəndə haqqı qalıbsa, mən nə etməliyəm? Qeyd edim ki, mən müəlliməm. Maaşımın yarısını belə, ayırsam, pensiyaya çıxanadək yoldaşımın borclarını ödəyə bilmərəm.

1-ci sualınıza cavab: Yoldaşınız rəhmətə getməklə borclarından azad ola bilməz. Hal-hazırda nə var-dövləti varsa, borclu olduğu adamların arasında bölüşdürülməlidir. Misal üçün, 10 nəfərə 100 manat borcu varsa, mirası da 50 manatdırsa, hər bir adam alacağının yarısını almalıdır. Bundan başqa bir tələbi ola bilməz.

2-ci sualınıza cavab: Heç kəs başqasının borcunu ödəməyə məcbur deyil. Borc miras olaraq keçə bilməz. Buna görə də nə yoldaşınızın atası, nə də siz onun borcuna görə cavabdehsiniz.  Lakin qüvvədə olan qanuna əsasən mirasdan imtina etməsəniz, borclar sizə keçər və onları ödəməyə məcbur olarsınız. Buna görə də yoldaşınızın ailəsinin rəddi-miras etməyi düzgündür. Siz də eyni addımı ata bilərsiniz.

3-cü sualınıza cavab: Əgər bütün qızıllarınızı yoldaşınıza hədiyyə etmisinizsə, bir eybi yoxdur. Əgər borc vermisinizsə, siz də alacağı olanlardan hesab edilirsiniz. Alacağınızı bağışlasanız, yoldaşınız sizə olan borcundan xilas olar, siz də bu əməlinizə görə savab qazanarsınız.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.