Müsəlmanlar
Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar?

Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar?

Sual: Hənəfi məzhəbinə əsasən bir nəfər Cümə namazı üçün məscidə daxil olduğu vaxt daxili azan və ya xütbə oxunarkən müstəhəb namaz qıla bilər?

Cavab: Hənəfi məzhəbinə əsasən xütbə oxunduğu vaxt namaz qılmaq olmaz. Camaat xütbə vaxtı namaz da daxil olmaqla, heç bir şeylə məşğul olmamalı, sadəcə olaraq xütbəyə qulaq asmalıdır. Böyük İslam elmihalında bu məsələ barədə belə deyilir:

“Xətib minbərə çıxdıqda camaat danışmayıb susmalı, salam alıb verməməli və müstəhəb namaz qılmamalıdır. Hətta xütbədə peyğəmbərin (s. a. v.) adı çəkildiyi vaxt belə, camaat salavat çevirmədən ancaq xütbəyə qulaq asmaqla kifayətlənməlidir. Bu daha fəzilətlidir. İmam Əbu Yusufun fikrincə, bu halda sakitcə salavat gətirmək olar.

Cümənin artıq başlamış olan ilk sünnəsi xətibin minbərə çıxması halında uzadılmadan dərhal vacibatına rəayət etməklə tamamlanmalıdır”. ((Ömer Nasuhi Bilmen, Büyük İslam İlmihali, “Cuma namazına müteallik bazı mes’eleler”, paraqraf 205-206.))

Buna əsasən əgər xütbə oxunmağa başlanmamış namazı qurtaracağınızı düşünürsünüzsə, heç olmasa, iki rükətlik bir namaz qıla bilərsiniz.

Hənəfi məzhəbinin bu fikrinin dəlili aşağıdakı hədisdir:

Əbu Hüreyrə peyğəmbərimizin (s. a. v.) belə dediyini xəbər verir:

“Cümə günü pişnamaz (imam-camaat) xütbə oxuduğu vaxt öz dostuna: “Danışma, sus!”, – desən, ləğv (yəni, faydasız bir iş görmək) etmiş olarsan”. ((Buxari, Cümə, 36; Müslim, Cümə, 11-12.))

Əslində xütbə vaxtı danışan bir adama:”Sakit dur!”, – demək vacib bir əməl olan əmr bil-mərufa daxildir. Göründüyü kimi, yuxarıdakı hədisdə bu halda əmr bil-məruf belə, qadağan olunub. Elə buna görə də, yəni, buradan nəticəyə əsasən müstəhəb namaz da qadağan olmalıdır.

Buraya qədər verilən məlumatlar Hənəfi məzhəbinin fikirlərini ifadə edir (İmam Malik də bu fikirdədir).

Şafii və Hənbəli məzhəbləri isə bu hədisləri əsas tutub, xütbə vaxtında belə, iki rükətlik müstəhəb namaz (təhiyyətul-məscid namazı) qılmağın mümkün olduğunu bildiriblər. Biz də bu fikri tutarlı bir fikir kimi qəbul edirik. Həmin hədislər belədir:

Cabir ibn Abdulla (r. a.) dedi:

“Rəsulullah Cümə günü xütbə oxuduğu vaxt bir adam gəldi. Ondan soruşdu: “Namaz qıldın?”. Həmin adam cavab verid ki, xeyr. Peyğəmbər buyurdu: “Dur, iki rükət qıl”. ((Buxari, Cümə, 33; Müslim, Cümə, 54-58.))

Cabir ibn Abdulladan varid olan digər bir hədisdə isə belə qeyd edilir:

“Sizin aranızdan bir nəfər Cümə günü pişnamaz xütbədə olduğu halda, gəlib çıxsa, iki rükət namaz qılsın”. ((Müslim, Cümə, 57.))

“Cümə günü peyğəmbər xütbə verirdi. Qətafan qəbiləsindən olan Süleyk məscidə gəldi və dərhal özünə bir yer tapıb oturdu. Rəsulullah ona belə dedi:

“Süleyk! Dur, iki rükət namaz qıl! Caiz olacaq qədər qısa olsun”. Sonra peyğəmbər sözlərinə belə davam etdi:

“Sizin aranızda bir nəfər Cümə günü imam-camaat xütbə verdiyi vaxt məscidə gəlib içəri girsə, iki rükət namaz qılsın və onu caiz olacaq qədər qısa etsin”. ((Müslim, Cümə, 59.))

Cümə namazı ilə əlaqədar geniş məlumat üçün buraya daxil olun:

http://www.muselmanlar.com/arasdirmalar/1616.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.