Müsəlmanlar
Sədəqə vermək ömrü uzadır?

Sədəqə vermək ömrü uzadır?

Sual: Bir hədisdə deyilir ki, sədəqə vermək ömrü uzadır. Bu hədis səhihdir? Əgər mötəbər hədisdirsə, ömrün uzanmağını necə başa düşmək lazımdır?

Cavab: Allah Qurani-Kərimdə Nuh peyğəmbərin qövmünün hekayətindən bəhs edərkən belə buyurur:

Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik (və dedik): “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!

O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!

Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!

(Belə etsəniz,) O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək (əcəli-müsəmma) möhlət verər. Həqiqətən, Allahın (müəyyən etdiyi) vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”. ((Nuh, 71/1-4. “Ə. M.”.))

Əcəli-müsəmma ifadəsi ilə insanın Allah tərəfindən müəyyən edilən əcəli nəzərdə tutulur. Ayəyə əsasən Nuh peyğəmbər öz qövmünü onlara əzab gəlməmişdən qabaq Allah yoluna qayıtmaqları barədə xəbərdar edir. Deməli, əgər Allahın yoluna qayıtmasalar, əzab gələcək və əvvəlcə onlar üçün müəyyən olunan əcələ çatmamış həyatları yenə Allah tərəfindən sona çatdırılacaq. Bu və bunun kimi bir çox ayədən məlum olur ki, Allahın əmr etdiyi şeylər yerinə yetirilmədiyi təqdirdə Allah insana verdiyi əcəli qısaldır. Əgər insan Allahın buyuruqlarına əməl etsə, necə deyərlər, Allahı bir növ razı etsə, haqqında yazılan əcəli-müsəmmaya qədər yaşayar.

Peyğəmbərimiz (s. a. v.) bir hədisində buyurur ki, sədəqə bəlaları dəf edir. Sədəqə verməklə Allahın razı olduğu işləri görən, Onun qadağan etdiyi işlərdən uzaq duran insan Allahın əzabından da xilas olur, əmin-amanlığa çıxır. Yəni, özü üçün müəyyən edilmiş əcəlinə qədər yaşamağa davam edir. Sizin qeyd etdiyiniz hədis də belə qiymətləndirilməlidir: “Sədəqə vermək ömrü uzadır”. Yəni, ömrü qısaldan hərəkətlərin əksinə, insana verilmiş ömrü axıradək yaşamaq imkanı verir.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.