Sual: Bəqərə surəsinin 3-cü ayəsində deyilir ki, onlar qeybə inanırlar. Qeyb sözü ilə nə nəzərdə tutulur? Əgər qeyb itmiş bir şeydirsə, ona iman necə olur?
Cavab: Allah Təala Bəqərə surəsinin 3-cü ayəsində belə buyurur:
Onlar qeybə inanırlar. Namazı müntəzəm surətdə qılırlar. Onlara verdiyimiz ruzidən xeyirxah işlərə sərf edirlər. (Bəqərə, 2/3.)
Bu ayəyə əsasən aşağıdakıları söyləmək olar:
1) Allaha inanmaq qeybə iman gətirmək deməkdir.
Allah həm zahir, həm də batindir; yəni, onun varlığının həm aşkar, həm də gizli cəhətləri var. Allahın varlığı aşkardır. Çünki hər şey onun varlığının bir sübutudur. Hər insan öz müşahidələri ilə Allahın varlığını, birliyini, onun yaradıcı olduğunu və qüdrətini qəti surətdə qəbul edir. Buna sanki onu gözüylə görmüş və əli ilə toxunmuş kimi şahid olur. Elə buna görə də peyğəmbərlər onun varlığını sübut etməyə çalışmayıblar. Quranda da Allahın varlığının isbat edilməsi ilə əlaqədar bir ayə yoxdur.
Allahın görünməyən cəhəti də vardır. Heç kim onun necə olduğunu bilmir. O, heç bir varlığa oxşamır. Öz-özünə, öz-özlüyündə və bütün xüsusiyyətlərində təkdir. Bu dünyada onu görmək qeyri-mümkündür.
Peyğəmbərlərin ən çox diqqət yetirdikləri məsələ araya insanlar tərəfindən qoyulmuş ilah və bütlər mövzusudur. Allahın varlığı ilə əlaqədar çoxlu sübut olduğu halda, ondan başqa bir tanrının varlığı ilə bağlı heç bir sübut yoxdur.
Belə bir iddia var ki, İbrahim peyğəmbər Allahın varlığını sübut edib və bu sübut Ənam surəsinin 75-ci və sonrakı ayələrində öz əksini tapıb. Bu iddia doğru deyil. O ayələrdə İbrahim əleyhissəlama göylərin və yerin mələkutunun, yəni, oradakı hökmranlığın kimə aid olması bildirilib. Çünki o cəmiyyətin insanları əslində göylərin və yerin Allah tərəfindən yaradıldığını bilirdilər; amma bunların idarə edilməsi məsələsinin günəş, ay və ulduzlara həvalə edildiyini iddia edirdilər. Günəş, ay və ulduzlarda bir ruhanilik olduğuna inanır, heykəllərin qabağında təzim edir və onlardan bəzi şeylər istəyirdilər. Beləliklə, Allaha şərik qoşurdular. İbrahim əleyhissəlam onlara belə demişdi:
Mən üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm!
Həzrəti İbrahimin bu sözlərindən sonra onların heç biri göyləri və yeri yaradanın kim olduğunu soruşmadı; çünki bunu bilirdilər. Lakin günəş, ay və ulduzlarda bir canlılıq olduğunu və onlara bəzi səlahiyyətlər verildiyini iddia edirdilər. Buna görə də İbrahimlə mübahisəyə girişdilər. İbrahim onlara dedi:
“Allah mənə hidayət verdiyi [məni doğru yola yönəltdiyi] halda, siz mənimlə Allah barəsində mübahisə edirsiniz? Mən Rəbbimin istədiyi şeylər istisna olmaqla, sizin ona şərik qoşduğunuz şeylərdən qorxmuram! Rəbbim hər şeyi öz elmi ilə əhatə edib. Məgər ağlınız başınızda deyil?”, – dedi.
Ona şərik qoşduqlarınızdan niyə qorxmalıyam? Siz isə Allahın onlara ibadət edilməsi barədə heç bir dəlil endirmədiyi halda, ona şərik qoşmaqdan qorxmursunuz. Əgər bilirsinizsə, bu iki tərəfdən hansı [o dünya əzabından] arxayın olmağa daha layiqdir (Ənam, 6/79-81)?
Şərik qoşan insan ən azı iki tanrı qəbul edir. Bunlardan birincisi həmişə Allahdır. Digəri də Allahla özü arasında vasitəçilik etdiklərinə inandığı şeylərdir. Belə insan bu cür vasitəçilərə Allaha xas olan bəzi xüsusiyyətlər yaraşdırır və müşrik olur. Yeganə istinad nöqtəsi özündən böyüklərdən eşidib gördüyü şeylər, başqa sözlə, adət-ənənə və ənənəvi şeylərdir. Belə insanlar öz ağıllarından istifadə edib fikirləşmirlər. Allah Təala bu barədə belə buyurur:
Onlara: “Allahın endirdiyinə və elçisinə tərəf gəlin!”, – deyildiği vaxt: “Atalarımızın tutduğu yol bizə bəsdir”, – deyə cavab verirlər. Bəs onların ataları heç bir şey bilməyib, haqqın yolunda deyildilərsə, necə olacaq (Maidə, 5/104)?!
Allah ağlını işlətməyənləri murdarlığa düçar edər (Yunus, 10/100)!
Bilin ki, göylərdə və yerdə kim varsa, hamısı Allahındır. Allahdan başqasına sığınanlar ona qoşduqları şəriklərə tabe olmazlar. Onlar ancaq zənnə tabe olar və yalan [özlərinə sərfəli olan şeylər] danışarlar (Yunus, 10/66).
Allah ilə insanlar arasında vasitəçi olduqları güman edilən ilahların heç bir zahiri və batini cəhəti yoxdur. Onların guya yerinə yetirdikləri bu funksiya nə ağla, nə həqiqətə, nə də Allahın kitabına uyğundur. Buna görə də bunlar heç bir əsası olmayan batil inanclardır.
2) Peyğəmbərlərə inanmaq qeybə inanmaqdır.
Bu məsələnin həm zahiri, həm də batini cəhətləri var. Allah bəzi insanları elçi olaraq seçmiş, öz əmrlərini onların vasitəsi ilə bildirmiş və hər elçiyə bir sənəd vermişdir. Bu sənəd təqlid edilə bilmədiyinə görə möcüzə adlanır. Möcüzəni görən insan o elçinin Allahın peyğəmbəri olduğunu qəti surətdə başa düşür. Buna sanki Allah o peyğəmbəri seçəndə orada imiş kimi şahidlik edir. «Əşhədu ənnə Muhammədən ‘abduhu və rəsuluh [Mən şahid oluram ki, Muhəmməd Allahın qulu və elçisidir]!» deməyinin səbəbi də budur. Çünki onun möcüzəsi olan Qurani-Kərim üzərində düşünən hər insan asanlıqla belə bir qənaətə gəlir. Bu cəhət həzrəti Muhəmmədin peyğəmbərliyinin zahiri cəhətidir. Lakin biz onun özünü görməmişik. Quranı Allah tərəfindən gətirən elçinin Muhəmməd peyğəmbər (s. a. v.) olduğunu bizə elə Qurani-Kərimin özü bildirir. Bu da onun qeyb cəhətidir. Buna görə də Muhəmməd peyğəmbərə (s. a. v.) və Quranda adı çəkilən digər peyğəmbərlərə iman gətirmək eyni zamanda qeybə inanmaqdır.
3) Axirət dünyasına inanmaq da qeybə iman etməkdir.
Bunun da görünən və görünməyən cəhətləri var. Ölən təbiətin yenidən canlanması insanın da yenidən diriləcəyinə dair bir işarədir. Allah Təala belə buyurur:
Küləkləri öz mərhəmətinin önündə müjdəçi olaraq göndərən Allahdır. Küləklər yağmur yüklü buludları hərəkət etdirdiyi vaxt, biz o buludları ölü bir məmləkətə tərəf qovur, oraya yağış yağdırır və bu yağışla hər cür mer-meyvə yetişdiririk. Budur, biz ölüləri də belə dirildib çıxardacağıq! Bəlkə, fikirləşib ibrət alasınız (Əraf, 7/57)!
Hər insanın əbədi yaşamaq, başqa sözlə, ölməzlik istəyi var. Hamı bir gün əvəzsiz qalan yaxşılıq və pisliklərin haqq-hesab edilməsini gözləyir və yaxşılara mükafat, pislərə də cəza verilməli olduğuna inanır. Bütün bunlar bu dünyada həyata keçməyibsə, deməli, bunların həqiqətə çevriləcəyi bir yer mütləq olmalıdır. Allahın kitabı – Qurani-Kərim bu barədə insanı qane edən məlumatlar verdiyinə görə bütün bunlara, yəni, axirət dünyasına inanmaq lazımdır. Bu inanc eyni zamanda Qurana olan inamın da bir parçasıdır. Beləliklə, qeybə iman gətirmək kor-koranə deyil, açıq-aşkar dəlillərə əsaslanan bir imandır. Çünki Quranın Allahın kitabı olduğuna inanan hər bir şəxs o kitabda xəbər verilən şeylərin doğru olduğunu da dərk edir. İnsanın fitrəti də o xəbərlərin doğru olduğunu təsdiq edir.