Sual: Deyilənə görə İbrahim əleyhissəlam Allahın var olmağını sübuta yetirib. Bu düzdür? Quranda bu barədə nəsə deyilir?
Cavab: Belə bir iddia var ki, İbrahim peyğəmbər Allahın varlığını sübut edib və bu sübut Quranın Ənam surəsinin 75-ci və sonrakı ayələrində öz əksini tapıb. Bu fikir doğru deyil. O ayələrdə İbrahim peyğəmbərə göylərin və yerin mələkutunun, yəni, oradakı hökmranlığın kimə aid olması bildirilib. Çünki o cəmiyyətin insanları əslində göylərin və yerin Allah tərəfindən yaradıldığını bilirdilər; amma bunların idarə edilməsi məsələsinin günəş, ay və ulduzlara həvalə edildiyini iddia edirdilər. Günəş, ay və ulduzlarda bir ruhanilik olduğuna inanır, heykəllərin qabağında təzim edir və onlardan bəzi şeylər istəyirdilər. Beləliklə, Allaha şərik qoşurdular. İbrahim əleyhissəlam onlara belə demişdi:
“Mən üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm”!
Həzrəti İbrahimin bu sözlərindən sonra onların heç biri göyləri və yeri yaradanın kim olduğunu soruşmadı; çünki bunu bilirdilər. Lakin günəş, ay və ulduzlarda bir canlılıq olduğunu və onlara bəzi səlahiyyətlər verildiyini iddia edirdilər. Buna görə də İbrahimlə mübahisəyə girişdilər. İbrahim onlara:
“Allah mənə hidayət verdiyi [məni doğru yola yönəltdiyi] halda, siz mənimlə Allah barəsində mübahisə edirsiniz? Mən Rəbbimin istədiyi şeylər istisna olmaqla, sizin ona şərik qoşduğunuz şeylərdən qorxmuram! Rəbbim hər şeyi öz elmi ilə əhatə edib. Məgər ağlınız başınızda deyil?”, – dedi.
“Ona şərik qoşduqlarınızdan niyə qorxmalıyam? Siz isə Allahın onlara ibadət edilməsi barədə heç bir dəlil endirmədiyi halda, ona şərik qoşmaqdan qorxmursunuz. Əgər bilirsinizsə, bu iki tərəfdən hansı [o dünya əzabından] arxayın olmağa daha layiqdir” (Ənam, 6/79-81)?
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.