Sual: Muhəmməd peyğəmbər Quranı insanlara necə təbliğ edirdi? Onun Quranla əlaqədar öz izahları da olub? Əgər olubsa, buna nəyi misal göstərmək olar? Ümumiyyətlə, Sünnəni Qurandan ayrı bir mənbə kimi qəbul etmək düzdür? Son zamanlarda belə insanlara tez-tez rast gəlmək olur. Bu hal dini cəhətdən düzgündür?
Allah Təala belə buyurur:
وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِم
Sənə bu Zikri [Quranı] nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən (Nəhl, 16/44).
Bir ayədə də belə deyilir:
Ey inananlar! Allahın elçisi Allaha və axirət gününə ümid bəsləyən və Allahı çox zikr edənlər üçün gözəl bir nümunədir (Əhzab, 33/21)!
Peyğəmbərin (s. a. v.) kəlam və davranışları Quranın başa düşülməsi və şərh edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Çünki o, Quranı səhv şərh etməz. Allah Təala belə buyurur:
Əgər o [peyğəmbər] bizə qarşı bəzi sözlər uydursaydı,
Onu ən güclü yerindən yaxalayardıq,
Sonra da şah damarını qopardardıq!
Və sizin heç biriniz bizim qabağımızı kəsə bilməzdi (Haqqə, 69/44-52)!
Bəzən peyğəmbərin bir ayəni özünün hansı Sünnəsi ((Sünnə sözü Ərəb dilində adət-ənənə, gedişat, tutulub gedilən yol, cığır, qanun və rəvayət kimi müxtəlif mənalarda işlənir. Qurani-Kərimdə isə bu söz sabit qanunları bildirmək məqsədi ilə işlədilmişdir. Sünnə bir termin olaraq dini ədəbiyyatda Həzrəti Məhəmmədin bütün kəlam, davranış, mülahizə, fikir və rəylərinin məcmuyunu ifadə edir.)) ilə izah etdiyini dərhal başa düşmək olmur. Bir-birini şərh edən ayələr arasında olduğu kimi, Sünnə ilə ayələr arasında da oxşarlıq var. Bu oxşarlığı nəzərə alıb, əlaqədar ayəni tapmaq lazımdır. Qurana zidd kimi görünən, yaxud da özündə təzad daşıyan və buna görə bir kənara atılmış xeyli hədis var. Ancaq bu ziddiyyət hədislərin hansı ayəni izah etdiyi məlum olduğu vaxt aradan qalxır. Bu mövzuda şufa hüququ ((Fiqhdə, yəni, İslam hüququnda satılan bir şeyi birinci olaraq alma hüququ.)) ilə əlaqədar bir hədisi misal göstərə bilərik:
Cabir ibn Abdulla peyğəmbərin bölüşdürülməmiş bir şey üçün şufa qərarı verdiyini bildirir. Sərhədlərin müəyyənləşdirilməsi və tərəflərin ayrılmasından sonra şufa hüququ tətbiq edilə bilməz. ((Buxari, Şufa, 2.))
Şufa hüququ məcəllədə ((Osmanlı dövlətində 1869-1876 illəri arasında Əhməd Cövdət paşanın başçılıq etdiyi bir heyət tərəfindən hazırlanaraq qəbul edilən qanunlar toplusu. İslam dünyasında ilk və ən mühüm mülki hüquq külliyyatı kimi qəbul edilən bu məcəllə bəzi mübahisəli məsələlər istisna olmaqla, tamamilə hənəfi məzhəbinin fiqh qanunlarına əsasən hazırlanmışdır və bir müqəddimə, 16 kitab və 1851 maddədən ibarətdir.)) bu cür tərif edilir:
Şufa satın alınan bir daşınmaz əmlakı müştəriyə neçəyə başa gəlibsə, o qiymətlə ona təhvil verməkdir. Əgər iki şəxsin müştərək bir ərazisi olsa, şəriklərdən biri digəri ilə məsləhətləşmədən öz hissəsini satsa və onun şəriki bu satışa razı olmayıb, ərazidəki hissəni özü almaq istəsə, öz şufa hüququndan istifadə edib, onu ala bilər. Müştəri (alıcı, kliyent) ondan ancaq malın qiymətini istəyə bilər.
Müştəri ərazidəki payın yeni sahibi olacağı üçün bu hissənin onun əlindən zorla alınması aşağıdakı ayə ilə qadağan edilmişdir:
Ey möminlər! Bir-birinizin malını haqsızlıqla yeməyin! Bu ancaq qarşılıqlı razılıq yolu ilə ola bilər (Nisa, 4/29).
Peyğəmbər heç vaxt Qurana zidd olan bir izah gətirməz. Belə olan halda, bu vəziyyət istisna təşkil edə bilər. Məsələni bu cür qiymətləndirəndə qarşımıza belə bir ayə çıxır:
وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلاَّ مَا اضْطُرِرْتُمْ إِلَيْهِ
Allah sizə nəyi haram qılıbsa, hamısını açıq-aşkar bildirmişdir. Çətin vəziyyətdə qalmısınızsa, bu, istisnadır (Ənam, 6/119).
Deməli, Allah çətin vəziyyətə düşüb, məcbur olanların nə edəcəklərini açıq şəkildə bildirməyib. Buna görə də peyğəmbərin kimin çətin vəziyyətdə olması və nə kimi işlər görməsi haqqındakı şərhləri böyük əhəmiyyət qazanır.
Daşınmaz əmlakdakı bir hissənin başqasına satılması şəriki çətin vəziyyətə salar. Şufa hüququ bu çətinliyi aradan qaldırır. Bu hüquqdan xəbərdar ola-ola o daşınmaz əmlakı alan şəxs də nəticəni qəbul etməlidir.
Sünnə Qurandan ayrı bir qaynaq deyil; özü də Quranı şərh etdiyinə görə ona tabedir. Tabe olana isə ayrı hökm verilmir. Hər bir dini məsələ Quran və Sünnənin bütövlüyü baxımından qiymətləndirilməlidir. Məhz bu vaxt peyğəmbərimizin ümumi qaydaya zidd kimi göründüyü üçün tərk edilən, yaxud ziddiyyətli görünən kəlam və davranışlarının müxtəlif şeyləri izah etdiyi məlum olacaqdır. Buna görə də Sünnə məsələsində tələm-tələsik davranılmamalı və onun əlaqədar olduğu ayə mütləq axtarılmalıdır. Bu metod uydurma hədislərin də qarşısını alır. Bu məsələ ilə əlaqədar olması baxımından evlilikdə vəlayət və faizlə bağlı şərhlərə baxmaq da mümkündür. ((Saytımızın materiallarından istifadə zamanı mənbə kimi http://www.muselmanlar.com və bütöv keçid (link) göstərilməlidir. Müsəlmanlar © 2004-2010 Bütün hüquqları qorunur.))