Müsəlmanlar

Zülqərneyn kim olub?

Sual: Qurani-Kərimdə adı çəkilən Zülqərneyn kimdir? Makedoniyalı İskəndər, yoxsa başqa bir adam? Zülqərneyn peyğəmbər olub?

Cavab: Belə rəvayət olunur ki, Qurandakı Zülqərneyn Makedoniyalı İskəndər, Himyərli Əbu Qərib Sammar, Mərzuban İbn Mərdubə Əl-Yunani, Əş-Şəb İbn Yəzən Əl-Himyəri və Hermes, hətta bir mələkdir. İslam dini ilə əlaqədar mənbələrdə Zülqərneynin Makedoniyalı İskəndər olmağı barədə çoxlu rəvayətlər mövcuddur.

“Quranda haqqında danışılan Zülqərneyn istər öz xüsusiyyətləri, istərsə tutduğu torpaqların xüsusiyyətlərinə görə mixi yazılı lövhələrdə oxşar ifadələrlə yad edilən və iki buynuzlu dəbilqəsi ilə qabartma şəkilləri olan Akkad hökmdarı Naram-Sin, Akkad hökmdarı Sarqonun oğlu və ya nəvəsidir. 2230-2174 illəri arasında 56 il, yaxud 2254-2218 illəri arasında 37 il hökm sürmüş, imperiyanın sərhədlərini dörd bir tərəfdə genişləndirmiş, Mesopotamiyanı, İranın qərb bölgələrini (Xuzistan), Ərəbistanın şimal yarısı (və ya hamısını), eləcə də Misir, Fələstin, Livan, Suriya, cənubi və cənub-şərqi Anadolunu, Kipr adası və Bəhreyni fəth etmişdir.

Naram-Sinin çox uzun müddət hökm sürməyi və bir çox ölkəni tutmağı ilə yanaşı, mühüm bir xüsusiyyəti də bütpərəstlərin məbədlərini dağıdıb, tanrı heykəllərini sındırmağıdır. Bu da öz növbəsində Zülqərneynin Qurani-Kərimdə qeyd edilən müvəhhidliyinə (monoteist) uyğun gəlir.

İbn Kəsir qeyd edir ki, Quranda adı çəkilən Zülqərneynin İskəndər olduğunu fikirləşənlər böyük bir səhvə yol verirlər. Onun fikirncə, Zülqərneyn saleh bir məlik (kral, hökmdar) və eyni zamanda peyğəmbərdir. Halbuki, İskəndər müşrikdir.

Zülqərneynin peyğəmbər və övliya olub olmaması məsələsi mübahisəli bir məsələdir. Həzrəti Əli deyib ki, Zülqərneyn əməlisaleh bir Allah bəndəsidir; o, Allahı sevib və Allah tərəfindən sevilib”. ((Ömer Faruk Harman, “Zülkarneyn”, İslam’da İnanç İbadet ve Günlük Yaşayış Ansiklopedisi, elmi məsləhətçi İbrahim Kafi Dönməz, İfav nəşriyyatı, İstanbul, 1997, 4-cü cild, s. 598-599.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.