Müsəlmanlar
Axirət günü ilə Qiyamət günü eyni gündür, yoxsa ayrı?

Axirət günü ilə Qiyamət günü eyni gündür, yoxsa ayrı?

Sual: Məlum olduğu kimi, Qurani-Kərimdə Qiyamət günü ədalət tərəzilərinin qurulub haqq-hesab və sorğu-sualın aparılacağı və hökmün veriləcəyi gün kimi təsvir olunur. Saat isə zəlzələnin baş verəcəyi vaxtı ifadə edir (Həcc, 22/1). Amma Quranda əl-yəumul-axir (axırıncı gün) ifadəsi də var. Bu, Allaha və axırıncı günə iman gətirmək ifadəsi ilə imanın əsaslarından biri kimi görünür. Təfsirlərdə həmin “axırıncı gün”lə əlaqədar olaraq Qiyamət gününə aid edilən şərhlər var. Deyilir ki, axırıncı gün o gündür, ondan sonra gün yoxdur. Sizcə bu kimi izahların bir əsası var? Bir də ki, o axırıncı gün bu dünyanın axırıncı günüdür, yoxsa o biri dünyanın birinci günü? Əgər təfsirlərdə qeyd olunduğu kimi, həmin axırıncı gün Axirət həyatının birinci günüdürsə (diriliş günü), Quranda əlavə olaraq “Qiyamət (diriliş) günü” deyib günü dirilişə aid etməyin səbəbi nədir? Bunda nə hikmət ola bilər? Əlqərəz, Qiyamət günü ilə axırıncı gün eynidir? Yoxsa arada bir fərq var? Əgər varsa, bu fərqlər nədən ibarətdir?

Cavab: Ayələrə baxdıqda məlum olur ki, məhşər təzədən formalaşdırılacaq olan yer üzündə (bu dünyada) baş verəcək. ((İbrahim, 14/48.)) Qəbirlərindən qalxıb çıxdıqları gün, yəni, Qiyamət (qalxış, oyanış) günü məhşər meydanında mömin, kafir və əhli-vəhşi bütün heyvanlar bir araya cəm olacaqlar. Hamının hər hansı bir ayrı-seçkilik qoyulmadan bir yerə cəm olacağı axırıncı gün, yəni, “əl-yəumul-axir” bu olacaq. Duxan surəsinin aşağıdakı ayəsi də bu həqiqətə işarə edir:

“Şübhəsiz ki, o ayırd etmə günü (yəumul-fasl) hamısının bir yerdə olacağı vaxtdır”. ((Duxan, 44/40.))

Mömin və kafirlərin bir də heç vaxt bir yerə yığıla bilməyəcək qaydada ayrılıb birinin Cənnətə, digərinin Cəhənnəmə getməyi isə əməl dəftərlərinin paylanması, haqq-hesab və mizandan (tərəzi, çəki) sonra olacaq. Bir sözlə, bunların hamısına birdən inanmaq axirətə iman gətirmək formasında iman əsaslarından birinə çevrilib.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.