Müsəlmanlar
Həmd, şükür, təşəkkür və mədh etmək nə deməkdir?

Həmd, şükür, təşəkkür və mədh etmək nə deməkdir?

Sual: Həmd etmək, şükür etmək və əl-həmdu ifadələrinin mənası nədir? Bunlar Quranda işlədilib?

Cavab: Həmd bir şəxsi gördüyü yaxşı işlərə görə öyməkdir. Buna mədh etmək də deyilir. O şəxs bu yaxşı işi sizin üçün gördüyünə görə onu öymək şükr adlanır. Dilimizdə buna təşəkkür etmək deyilir. İnsanın özünün müdaxiləsi olmadan malik olduğu şeylərə görə öyülməsi isə nə həmddir, nə də şükr; buna sadəcə olaraq mədh etmək deyilir. Həmd şükrdən, mədh isə hər ikisindən daha əhatəli və genişdir.

Bir şəxsin sizə qarşı səxavətli olduğunu ifadə etmək həm həmd, həm şükr, həm də mədhdir. «O səxavətlidir» demək eyni zamanda həmd və mədhdir; lakin şükr deyildir. «O şəxs ucaboylu və ağıllıdır» demək isə sadəcə olaraq mədhdir. Çünki uzun boyu və ağlı öz səyləri nəticəsində qazanmayıb. Bütün bunlar aşağıda göstərildiyi kimi iç-içə təşəkkür və tərif halqalarıdır.

Hər şükr həm həmd, həm də mədhdir. Hər həmd mədhdir; amma şükr deyil və hər mədh eyni zamanda həmd və şükr olmaya bilər. ((Rağib Əl-İsfahaninin Müfrədat lüğəti, Səfvan Adnan Davudinin təhqiqi ilə, Dəməşq və Beyrut, 1412/1992.))

Əl-həmdu kəlməsinin başındakı əl artiklı bu sözə növ mənası verir. «Əl-həmdu lillah» ifadəsi bütün həmdlərin Allaha aid olduğunu bildirir. Çünki Allahın gördüyü hər iş düzgün və tutarlıdır. Bundan əlavə, hər bir yaxşı rəftar onun verdiyi nemətlərlə başa gəlir. «Allah neylərsə, gözəl eylər» ifadəsi bütün bu mənaları geniş şəkildə əhatə edir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.