Sual: Təvəkkül sözünün mənası nədir? İndiyə qədər elə bilirdik ki, bu ancaq bir kişi adıdır. Son vaxtlarda isə televiziya və radioda verilən dini verilişlərdə bu sözü tez-tez eşidirik. Allaha təvəkkül etmək, Allaha pənah aparmaq kimi ifadələr nəyi bildirir? Əgər təvəkkül etmək bir məsələ barəsində: “Ya Allah”, - deməkdirsə, bunun qaydaları necə olmalıdır? Atalar sözü var ki, işləməyən dişləməz. Yəni, insan əlini ağdan qaraya vurmayıb ancaq Allaha təvəkkül etsə, bu ona bəsdir? Bu məsələ dində necə izah olunur?
Cavab: Təvəkkül etmək bir işdə aciz olduğunu qəbul edib, o işi başqa birisinə həvalə etmək deməkdir. ((Mütərcim Asim, Qamus tərcüməsi (Firuzabadi), Bəhriyyə mətbəəsi, 1305.)) Allaha təvəkkül etmək isə insanın bir işdə edə bildiyi hər şeyi yerinə yetirib qalanını Allaha həvalə etməyidir. Lakin bu məna zaman keçdikcə dəyişikliyə uğra(dıl)mış və elə güman edilmişdir ki, təvəkkül özünü yormadan hər şeyi elə Allaha həvalə edib, Ondan gözləmək deməkdir.
Bəzi Quran ayələri də bu məntiqə əsasən izah edildiyinə görə tənbəlliyə meylli, amma inkişaf etməyə meylli olmayan və məsuliyyəti Allaha yükləyən bir tutum və davranış meydana gəlmişdir. Halbuki, Allah Təala belə buyurur:
İnsana ancaq öz əməyi qalar (Nəcm, 53/39).
Bəzi insanlar: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver”, – deyirlər. Onların Axirətdə heç bir payları yoxdur! Bəziləri isə: “Ey Rəbbimiz, bizə həm bu dünyada, həm də Axirətdə gözəllik (gözəl nemətlər) ver və bizi o atəşin əzabından uzaq eylə”, – deyirlər.
Onların hər birini öz qazandıqlarına (əməllərinə) görə mükafat gözləyir. Allah haqq-hesabı tez çəkəndir! (Bəqərə, 2/200-202).
Yuxarıda deyilənlərdən belə bir nəticə çıxır ki, bu dünyanı sevən işləyib-çalışmağa məcburdur. Həm dünyanı, həm də axirəti istəyən də çalışıb zəhmət çəkməlidir. Necə deyərlər, işləməyən dişləməz. Müvəffəqiyyət qazanmağın iki şərti vardır: Bunlardan biri müvəffəq olmağı istəmək, digəri isə lazımi gücə malik olmaqdır. Allah Təala belə buyurur:
Sənin Rəbbin ruzini istəyən və gücü çatan üçün yayar. O, bəndələrinin halından xəbərdardır və onları görür (İsra, 17/30).
Yer üzündə hazır vəziyyətdə pendir, çörək, yemək və sairə yoxdur, amma Allah onları əldə etmək üçün imkanlar yaradıb. Həmin imkanlardan istifadə edə bilməyənlər o nemətlərə çata bilməzlər. Qurani-Kərimdə deyilir:
Allah ruzini yer üzündə dörd gündə, axtarıb-arayanlar üçün eyni uzaqlıqda müəyyən etmişdir (Fussilət, 41/10).
Kim lazımi səviyyədə zəhmət çəksə, o nemətləri əldə edə bilər.
Allah bizim yaşadığımız ərazidə hansı nemət və imkanları yaradıbsa, biz ancaq onları tapa bilərik. Allah Ona belə deməyimizi istəmişdir:
İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən (Ali-İmran, 3/27).
İmkanlar geniş olduğu halda, bizim lazımi gücümüz olmasa və ya işləməsək, heç bir şey əldə edə bilmərik. Buna görə də özümüzdə o gücü tapmalı və müvəffəqiyyət qazanmaq üçün əlimizdən gələni etməliyik. Quraqlıq, şiddətli yağış və zəlzələ kimi təbii fəlakətlərə qarşı gücümüz olmadığına görə isə bu cür məsələlərdə bütün tədbirlərimizi gördükdən sonra Allaha təvəkkül etməliyik.
Təfsir və tərcümə kitablarında bəzi ayələrə müxtəlif mənalar yüklənmiş və bu, yanlış təvəkkül fikirlərinə bir növ təkan vermişdir. Məsələn, yuxarıda nə məna daşıdığını göstərdiyimiz ayə (İsra, 17/30) belə tərcümə edilmişdir:
Sənin Rəbbin ruzini istədiyinə çox, istədiyinə də az verir. O bəndələrini tanıyır və onları görür.
Bu, يشاء – istəyir, istəyər və يقدر – gücü çatır, çatar fellərinin aid olduğu o (III şəxs tək) əvəzliyinin nəyi ifadə etməsi ilə əlaqədar seçimdən irəli gəlir. Ərəb dilində əvəzlik ən yaxınını göstərir, uzaqdakı bir şeyə aid olması üçün arada qərinə, yəni, yaxınlıq və oxşarlıq olmalıdır. Burada belə bir qərinə yoxdur və əvəzlik مِّنْ – kimi göstərir. Buna baxmayaraq, təfsir və tərcümələrdə belə qəbul edilib ki, mətndəki o əvəzliyi özündən uzaqdakı اللَّه – Allah kəlməsini ifadə edir.
Səba surəsinin 39-cu ayəsi də bu məsələ ilə əlaqədar olan başqa bir misal kimi göstərilə bilər. Bu ayəyə tərcümələrdə belə bir məna verilib:
De ki, həqiqətən mənim Rəbbim ruzini öz bəndələrindən istədiyinə çox, istədiyinə də az verir. ((Bu tərcümə Quran Yolu Türkcə Məal və Təfsir kitabından götürülmüşdür. Həmin kitab Xeyrəddin Qaraman, İbrahim Kafi Dönməz, Mustafa Çağrıcı, Sədrəddin Gümüş tərəfindən hazırlanmış və 2004-cü ildə Türkiyə Diyanət İşləri Başkanlığı (Dini Qurumlar Üzrə Dövlət İdarəsi) tərəfindən çap edilmişdir.))
Ərəb dili baxımından düzgün tərcümə belə olmalıdır:
De ki, mənim Rəbbim öz bəndələrindən istəyən və gücü çatan üçün ruzini yayar.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.