Sual: Quranın Bəqərə surəsinin 93-cü ayəsi nə cür izah olunur? Həmin ayədəki "səminə" və "asaynə" felləri nəyi bildirir?
MÖHKƏM YAPIŞMAQ / ÜSYAN ETMƏK
Bəqərə surəsi, 93-cü ayə
Biz sizdən qəti bir söz [əhd-peyman] alıb, Tur dağını sizin üzərinizə qaldırmış və: “Sizə verdiyimizdən [Tövratdan] möhkəm tutun və dinləyin!”, – [demişdik]. Onlar da: “Eşitdik və möhkəm yapışdıq”, – demişdilər. Halbuki, kafirlik etmələri ucbatından buzovun məhəbbəti qəlblərinə hakim olmuşdu [onların qəlblərini bürümüşdü]. [Ya Məhəmməd!] Onlara söylə: “Əgər iman gətirmisinizsə, öz imanınızın sizə bu cür əmr verməsi necə də pisdir!”.
Əsa – العصا kəlməsi çəlik, əsa, əl ağacı və dəyənək mənasındadır. عصى feli isə dəyənək tutubmuş kimi tutdu və ya dəyənəklə döyürmüş kimi döydü mənaları verir. Əsmai bəzi Bəsrəlilərin belə bir sözünü rəvayət edib: Dəyənəyə əsa deyilməsinin səbəbi əl və barmaqların onun üstündə birləşməsidir. Əbu Abidin fikrincə, əsa sözünün əsl mənası birləşmək və həmrəy olmaqdır. Bununla bərabər, عصى feli üsyan etmək, etiraz etmək mənaları da ifadə edir.
Belə olan halda, iki ayədəki سمعنا و عصينا cümləsi «eşitdik və möhkəm tutduq/yapışdıq» mənası verdiyi kimi, «eşitdik və üsyan/etiraz etdik» mənası da verə bilər. Bəd niyyətli olanlar belə ifadələri seçirlər ki, onu hər tərəfə çəkə bilsinlər. İfadələrin bu cür istifadəsinə cinas deyilir. سمعنا و عصينا cümləsinin Bəqərə surəsinin 93-cü ayəsində «eşitdik və möhkəm yapışdıq/tutduq» mənası bildirməsi qətidir. ((İbrani dili mütəxəssisi Saleh Ağdəmir bu mövzu ilə əlaqədar sualıma belə cavab verdi: “Bu ifadə Tövratda “şamanu və asinu” şəklindədir. Mənası “Eşitdik və yerinə yetirəcəyik” deməkdir. Burada asinu sözü sin (s) hərfi ilə yazılır və üsyan (üsyan isə sad [qalın s səsi] hərfi ilə yazılır) sözü ilə heç bir əlaqəsi yoxdur”.))
Məal və təfsir kitablarında سمعنا و عصينا cümləsinə «eşitdik və üsyan etdik» kimi məna verilib. Halbuki, “üsyan etdik”, – deyə bir söz, yəni, əhd-peyman alına bilməz. Allah Təala: ”Bir gün sizdən qəti bir söz (əhd-peyman) aldıq”, – dediyinə görə, سمعنا و عصينا cümləsinin yeganə mənası «eşitdik və möhkəm tutduq/yapışdıq» olmalıdır. Cümlənin davamı da bu mənanı qüvvətləndirir. Çünki onlar bir tərəfdən “möhkəm yapışdıq”, – deyə söz vermişdilər, lakin digər tərəfdən o buzovun məhəbbəti qəlblərinə hakim olub, onu bürümüşdü.
Ən-Nisa surəsində سمعنا و عصينا cümləsinin mənası cinaslıdır. Ona həm möhkəm yapışmaq/tutmaq, həm də üsyan etmək mənaları verilə bilər.
Bu mövzu Tövratda öz əksini aşağıdakı kimi tapmışdır:
Musa gedib Rəbbin bütün buyruqlarını və prinsiplərini xalqa bildirdi. Hamı bir ağızdan: “Rəbbin dediyi hər şeyi yerinə yetirəcəcyik”, – deyə cavab verdi. Musa Rəbbin bütün əmrlərini yazdı. Sabah erkən qalxıb, dağın ətəyində bir qurbangah qurdu və İsrailin on iki oymağının rəmzi olan on iki daş sütun tikdi. Sonra İsrailli gəncləri oraya göndərdi. Onlar da Rəbbə yandırılan qurbanlar təqdim etdilər və dinclik qurbanları olaraq buğaları kəsdilər. Musa axan qanın yarısını ləyənlərə doldurdu, digər yarısını isə qurbangahın üstünə tökdü. Sonra əhd kitabını götürüb, xalqa oxudu. Camaat: “Rəbbin dediyini edəcəyik, Onu dinləyəcəyik!”, – dedi (Tövrat, Çıxış, 24/3-7).