Müsəlmanlar

Ayaq üstə sidiyə getmək günahdır?

Sual: Ayaq üstə sidik çıxartmağın hökmü nədir? Biz bir kitabda belə bir şey oxumuşuq: Allahın elçisi (s. a. v.) buyurdu: “Ayaq üstə sidiyə getməyin, bu, ədəbə ziddir”. Bu hədis düzgündür?

Cavab: Sizin bəhs etdiyiniz hədis səhih (mötəbər, etibarlı) hədis kitablarında yoxdur. Oturub sidik ifraz etmək (işəmək, simək) sidiyin sıçramamağı üçündür. Peyğəmbərimizin (s. a. v.) ayaq üstə sidiyə getdiyinə dair rəvayət var.

Əbu Musa (r. a.) nəql edir: “Bir gün mən rəsulullahın (s. a. v.) yanında idim. O kiçik ayaqyolu ehtiyacını aradan qaldırmaq istəyirdi. Dərhal bir divarın dibinə – qumlu torpaq olan bir yerə gəlib dəstəmazını pozdu. Sonra: “Sizdən bir nəfər kiçik dəstəmazı pozmaq (sidiyə getmək) istəyəndə münasib bir yer axtarsın!”, – deyə buyurdu. ((Əbu Davud, Təharət (təmizlik), 2.)) Əbu Vaildən gələn bir rəvayət isə belədir: “Əbu Musa (r. a.) kiçik ayaqyolu ehtiyacını aradan qaldırmaq məsələsində çox diqqətli davranırdı (üstünə sıçratmamaq üçün çox diqqət sərf edirdi). (O qədər çox ki), sidiyə çıxdığı vaxt onu bir şüşənin içərisinə boşaldır və: “Bəni İsraildən birinin bədəninə sidik dəysə, həmin adam kirlənən dərisini bıçaqla qazıyırdı”, – deyirdi.

(Bunu eşidən) Huzeyfə (r. a.) dedi ki, mən sizin yoldaşınızın bu məsələdə bu qədər çox diqqətli olmamağına üstünlük verərdim. Mən peyğəmbərlə (s. a. v.) bir dəfə birlikdə olduğumuz bir vaxtı xatırlayıram. Belə ki, biz onunla birgə gedirdik. Birdən bir camaatın bir divarın arxasında zibillik (küllük) kimi istifadə etdiyi bir yerə gəlib çatdıq. Peyğəmbər (s. a. v.) eynilə sizin aranızdan bir nəfərin etdiyi kimi dayanıb ayaq üstə sidiyə getdi. Bu dəm mən ondan uzaqlaşmaq istədim. O isə mənə işarə elədi ki, yaxın dayanım. Mən də geri qayıdıb onun arxa tərəfində durdum və dəstəmazını pozana qədər gözlədim”. ((Buxari, Vudu (dəstəmaz), 65, 66, 67; Müslim, Təharət (təmizlik), 73, 74 (273); Əbu Davud, Təharət (təmizlik), 12; Tirmizi, Təharət (təmizlik), 9; Nəsai, Təharət (təmizlik), 24.))

Qeyd edək ki, ayaq üstə sidiyə getmək Hənbəli məzhəbində mübah, Maliki məzhəbində isə əgər kənara və üst-başa sıçramaq ehtimalı yoxdursa, caiz (icazə verilən), əks təqdirdə məkruh hesab olunur. Alimlərin əksəriyyəti üzrsüz səbəbdən ayaq üstə sidiyə getməyi məkruh hesab edirlər; ancaq onların fikrincə, buradakı məkruhluq tənzihi kərahətdir. Nəvəvinin və Bəzlul-məchudun müəllifinin izahlarına əsasən Hənəfilərin fikri də belədir. ((Sünəni Əbu Davud, tərcümə və şərh, Hüseyin Karapınar, Necati Yeniel, Necat Akdeniz, Şamil nəşriyyatı, Təharət (təmizlik), 12-ci bab, 23-cü hədisin şərhi.))