Müsəlmanlar
Məst işlətmək dəstəmazın savabını azaldır?

Məst işlətmək dəstəmazın savabını azaldır?

Sual: Bir hədisdə belə deyilir: “Həzrəti peyğəmbər (s. a. v.) buyurdu”: “Sizə xətaları silən, bağışlanmağa səbəb olan, dərəcələri yüksəldən bir şeyi dəlalət edimmi?”. Əshabələr: “Bəli, ya rəsuləllah”, - deyə cavab verdilər. Peyğəmbər (s. a. v.) buyurdu: “Bu nəfsin xoşlamadığı şeylərə baxmayaraq tam dəstəmaz almaq, məscidlərə doğru addımları artırmaq, namazdan sonra o biri namazı da gözləməkdir. Budur, bunlar sərhəd boyu düşmənə qarşı növbə (keşik) çəkmək qədər savablı bir işdir”. Bu hədisdəki nəfsin xoşlamadığı şeylərə baxmayaraq tam dəstəmaz almaq ifadəsi nəyi nəzərdə tutur? Biz bundan nə başa düşməliyik? Məstdən istifadə etmək yuxarıdakı hədisdə bildirilən savabın itirilməsinə səbəb olarmı?

Cavab: Bu və bunun kimi hədislərdə tam dəstəmaz almaq Ərəb dilində isbağu’l-vudu kimi ifadə olunur. Bu ifadə bir şəxsin öz dəstəmazını dəstəmazda bədənin təmizlənən hissələrini (üzün və dirsəklərə qədər əl və qolların yuyulması, başın məsh edilməsi və ayaqların topuqlara qədər məsh edilməsi və ya yuyulması) layiqincə və diqqətlə yumaqla alması barədə işlədilir. Həmin hədisdəki nəfsin xoşlamadığı şeylərə baxmayaraq tam dəstəmaz almaq ifadəsini insanın ən çətin şəraitdə belə dəstəmaz üzvlərini layiqincə yuması, dəstəmazdakı müstəhəb işlərə diqqət yetirməsi kimi başa düşmək lazımdır. İnsan xüsusilə qışda şaxtalı havada buz kimi soyuq bir su ilə tələm-tələsik dəstəmaz almaq istər. Çünki belə çətin bir şərait nəfsin xoşlamadığı şəraitdir. Buna görə də insan dəstəmazda yuyulub təmizlənməli olan bədən hissələrini lazım olduğu kimi yumaya bilər. Belə bir şəraitdə belə üzvlərini layiqincə və diqqətlə yuyub dəstəmaz almaq insanı hədisdə haqqında danışılan savaba çatdırar.

Qeyd edilməlidir ki, məstdən ((Məst: Dəstəmaz alınan vaxt üstünə məsh çəkilə bilən, yumşaq və yüngül, ayaqqabının içərisinə geyilən ayaq geyimi.)) istifadə etmək bu hədisdə bildirilən savabı qazanmağa mane olmur. Çünki bu, yəni, məst işlətmək Allah Təala tərəfindən insanlara təqdim olunan bir asanlıqdır. Bu asanlıqdan peyğəmbər (s. a. v.) və onun əshabələri həmişə istifadə ediblər. Əgər savab qazanmağa mane olsaydı, onu ilk əvvəl peyğəmbər (s. a. v.) özü işlətməz və əshabələrinə də işlətməyə icazə verməzdi.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.