Sual: Ayaq üstə durub namaz qıla bilməyən insan stulda oturub qıla bilər? Bəzi adamlar deyirlər ki, olmaz. Bəziləri də deyirlər ki, heç bir eybi yoxdur; namazı stulda oturub qılmaq olar. Düzgün variant hansıdır?
Cavab: Namazı ayaq üstə qılmağa gücü çatmayanlar haqqında bir neçə hədis mövcuddur:
İmran ibn Husayndan rəvayət olunur: Məndə babasil (hemoroid) xəstəliyi var idi. Peyğəmbərimizdən soruşdum ki, bu vəziyyətdə namazı necə qıla bilərəm? O, belə cavab verdi:
“Namazı ayaq üstə qıl. Əgər buna gücün çatmasa, oturulu vəziyyətdə qıl. Buna da gücün çatmasa, böyrü üstə uzanıb qıl”. ((Buxari, Təqsiru-s-Səlat, 19; Əbu Davud, Səlat, 174.))
Bundan başqa Təbərani və Beyhəqinin rəvayətlərində belə bir hədis var:
Peyğəmbər (s. a. v.) bir xəstəyə baş çəkdi. Gördü ki, o, bir yastığın üstündə namaz qılır. Yastığı götürüb atdı. Bunun üstündən həmin xəstə adam bir taxta tapıb namazlarını onun üstündə qılmağa başladı. Həzrəti peyğəmbər taxtanı da götürüb atdı və belə dedi:
“Əgər bacarırsansa, namazını yerdə qıl. Bu cür qıla bilməsən, işarə ilə qıl. Səcdədə rükudakından bir az çox əyil”. ((Beyhəqi, Sünən, 2/306. Digər hədislər üçün baxın: Əli ibn Əbi Bəkr əl-Heysəmi, Məcməuz-Zəvaid, 2-ci cild, s. 148-150.))
Hədisdən də başa düşüldüyü kimi, xəstə adam yastıq və taxtanı üstündə səcdə etmək üçün istifadə edirdi. Peyğəmbər buna ehtiyac görmədiyinə görə götürüb tullamış və ona namazını ima (işarələr, göz-qaş) ilə qılmağını tövsiyə etmişdir.
Namazlarını stulda qılanlar yerdə otura bilmədiklərinə görə belə edirlər. Bunun bir eybi yoxdur. Stulda qılmaqdansa yerdə oturub qılmaq isə daha münasibdir.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.