Sual: Mən bu yaxınlarda ərə gedəcəyəm. Ancaq başqa bir kişini sevirəm. Əgər həmin sevdiyim kişi ilə molla kəbini kəsdirib danışsam, ərimin də molla kəbinli arvadı olaram? Əlavə olaraq, belə etdikdə ərimi aldatmış oluram. Bu çox günahdır? Ancaq əlimdən başqa bir şey gəlmir. Mən səhv bir yoldayam. Bunu bilirəm. Başqası ilə ailə quracağam amma o biri kişini də çox istəyirəm. Ərimi aldadacağam. Xahiş edirəm, mənə bir çıxış yolu göstərin.
Cavab: Kəbin evlənmək deməkdir. Rahatlıqla gəzib dolaşmağı, eləcə də birlikdə yaşamağı “leqallaşdıran” formal bir şey deyil! Kəbin vacib bir məsələdir. Ona görə də belə şeylərdən sui-istifadə etmək olmaz!
Bir qadın eyni vaxtda iki kişiyə ərə gedə bilməz. Məgər siz nikahı evlilik kimi qəbul etmirsiniz? Ərinizin kəbinli arvadı olduğunuz müddət ərzində başqa bir kişi ilə əsla kəbin kəsdirə bilməzsiniz.
Siz əslində zina etmək üçün bizdən icazə istəyirsiniz. Elə isə nə üçün istəmədiyiniz kişiyə ərə gedirsiniz? Gedin, sevdiyiniz adamla ailə qurun. Zorla evlənmək olmaz. Bundan başqa, ərə gedəcəyiniz kişinin nə təqsiri var? Onu nə üçün aldadacaqsınız? O sizə etibar edib sədaqətli olduğunuzu fikirləşəcək. Sizə: “Halalım”, – deyəcək. Siz də gedib başqa bir kişi ilə kef çəkəcəksiniz. Belə bir şey mümkün deyil! Odur ki, həmin adama ərə getməyəcəksiniz. Əgər ərə gedəcəksinizsə, o biri kişini ağlınızdan çıxartmalısınız! Bu belə olmalıdır! İkisindən birinə qərar verin!
Ailəniz sizi istəmədiyiniz bir kişiyə ərə getməyə məcbur edir? Dinimizdə bunun bir cavabı var. Buyurun, oxuyun:
Bakirə bir qız Ayşənin yanına gəlib dedi: “Atam məni qardaşının oğluna ərə verdi ki, mənim vasitəmlə öz mövqeyini möhkəmləndirsin. Amma bu hal mənim xoşuma gəlmir”. Ayşə cavab verdi ki, peyğəmbər evə gələnə qədər oturub gözlə. Bu dəm peyğəmbər (s. a. v.) gəlib çıxdı. Həmin qız vəziyyəti ona danışdı. Peyğəmbər isə dərhal adam göndərib qızın atasını yanına çağırtdırdı. Bu məsələdəki səlahiyyəti qızın özünə verdi. Qız dedi:
“Ey Allahın elçisi! Əslində mən atamın tutduğu işə razılıq vermişdim. Amma bu məsələdə qadının bir hüququ olub olmadığını öyrənmək istəyirdim. Ona görə də bu əhvalatı sizə danışdım”. ((Nəsai, Nikah, 36; İbn Macə Nikah, 12; Əbu Davud, Nikah, 26; Əhməd ibn Hənbəl, Müsnəd, IV cild, s. 136. Mətn Nəsaidən götürülüb.))
Yuxarıdakı hədisdən açıq-aydın məlum olur ki, evlilik məsələsində səlahiyyət qıza məxsusdur. Həmin kişi ilə evlənmək istəmirsinizsə, bunu ailə üzvlərinizə açıq-aşkar deyin. Necə deyərlər, örtülü bazar dostluğu pozar! Heç kim sizi istəmədiyiniz bir adama ərə getməyə məcbur edə bilməz! Ata-ananız olsa belə, heç kəsin buna ixtiyarı yoxdur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.