Sual: Kişi-ilə qadının əl-ələ tutaraq gəzib dolaşmağına, necə deyərlər, “yaxşı vaxt” keçirməyinə dində necə baxılır? Bu da zina kimi qəbul olunur?
Cavab: Zina böyük günahlardan biridir. Nəinki zina etmək, hətta zinaya yaxınlaşmaq belə, haramdır. Allah Təala bu barədə buyurur:
“Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur”. ((İsra, 17/32.))
Zina aralarında kəbin olmayan bir kişi və qadının cinsi əlaqədə olmağı deməkdir. Bundan başqa əl-ələ tutmaq, birlikdə gəzmək kimi şeylər insanı zinaya yaxınlaşdıran şeylərdir və yuxarıdakı ayə ilə qadağan edilib.
Quranda belə deyilir:
“(Rəsulum!) Mömin kişilərə de ki, gözlərini harama dikməsinlər, namuslarını (məhrəm yerlərini) qorusunlar. Çünki bu, onlar üçün daha təmiz bir rəftardır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.
“Mömin qadınlara da de ki, baxışlarını yayındırsınlar və ədəb yerlərini (zinadan) qorusunlar”. ((Nur, 24/30-31.))
Ayələrdə baxmaqla övrət yerlərini qorumaq arasındakı münasibət xüsusi vurğulanır. Çünki hər şey baxmaqla başlayır. Peyğəmbərin (s. a. v.) bu məsələ ilə əlaqədar belə demişdir:
“Gözün zinası baxmaqdır”. ((Buxari, İstizan, 12.))
Buna görə də zinadan uzaq durduğunuz kimi, zinaya aparan şeylərdən də uzaq durmağımız lazımdır.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.