Müsəlmanlar
İbrahim peyğəmbər

İbrahim peyğəmbər

İbrahim peyğəmbər

Bəqərə surəsi, 124-cü ayə ((Abdulaziz Bayındır, Qurani-Kərimin İzahlı Tərcüməsi: Fatihə və Bəqərə surələri, Bakı, Təknur nəşriyyatı, 2004, s. 149-152.)) : Rəbbi İbrahimi bir neçə sözlə imtahan etdi. O da [bunları] tamamilə yerinə yetirib tamamladı. Rəbbi ona: “Mən səni insanlara başçı təyin edəcəyəm!”, – dedi. İbrahim: “Mənim nəslimdən necə?”, – deyə soruşdu. [Allah]: “[Sənin soyundan olan] Zalimlər mənim əhdimə nail olmazlar!”, – deyə buyurdu.

İbrahim əleyhissəlam bir çox sınaqdan keçirilib. Bununla əlaqədar bəzi ayələri aşağıdakı kimi qruplaşdırmaq olar:

A) İbrahimin öz qövmünə qarşı qəti tutumu

Bir gün İbrahim atası Azərə belə dedi: “Sən bütləri tanrılar olaraq qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aşkar zəlalət içində görürəm!” (Ənam, 6/74).

Biz daha öncə İbrahimə onun kamilliyini vermişdik. Biz onu tanıyırdıq.

Bir gün İbrahim atasına və öz qövmünə: “Bu heykəllər nədir ki, onlara sitayiş edirsiniz?”, – dedi.

Onlar da: “Biz atalarımızın onlara ibadət etdiyini gördük!”, – deyə cavab verdilər.

İbrahim: “Həm siz, həm də atalarınız, həqiqətən, doğru yoldan açıq-aşkar azmısınız!”, – dedi.

Onlar: “Sən ciddisən, yoxsa bizimlə əylənirsən?”, – deyə soruşdular.

İbrahim: “Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir, onları yaradan Odur. Mən də buna şahidlik edirəm!”, – dedi.

(Öz-özünə belə dedi): “Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizin başına bir oyun açacağam [onlara bir hiylə quracağam]!”.

Sonra onları parça-parça edib, aralarında ən böyük olanını saxladı ki, bəlkə [qayıdıb] ona baş çəkələr.

Onlar [bütpərəstlər]: “Bunu tanrılarımıza kim edibsə, şübhəsiz ki, o, zalimdir!”, – dedilər.

“İbrahim deyilən bir gəncin onlara sataşdığını [onları pislədiyini] eşitmişik”, – dedilər.

“Onu hamının gözünün qabağına gətirin! Bəlkə, onu görən olub!”, – dedilər.

İbrahimə belə dedilər: “Ey İbrahim! Bizim tanrılarımızı bu günə salan sənsən?!”.

İbrahim: “Bəlkə də, bunu onların [bütlərin] bu ən böyük olanı edib. Əgər danışa bilirlərsə, özlərindən soruşun!”, – deyə savab verdi.

Onlar dərhal öz-özlərinə: “ Həqiqətən siz əsl zalimlərsiniz!”, – dedilər.

Sonra başıaşağı geri qayıtdılar və İbrahimə: “Sən də yaxşı bilirsən ki, bunlar danışan deyillər!”, – dedilər.

İbrahim isə belə dedi: “Yəni siz Allahı qoyub, sizə nə fayda, nə də zərər verə bilən bir şeyə ibadət edirsiniz, eləmi?! Tfu sizə də, Allahı qoyub, ibadət etdiyiniz bütlərə də!!! Siz heç ağlınızı işlətmirsiniz?!”.

Onlar da: “Əgər bir iş görəcəksinizsə, yandırın bunu [İbrahimi]! Tanrılarınıza dəstək olun!”, – dedilər.

Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!”, – deyə buyurduq.

Onlar İbrahimə bir hiylə qurmaq istədilər, lakin biz onları daha çox zərərə uğratdıq!

Biz İbrahimi də xilas etdik, Lutu da. Onları hamı üçün bərəkətli etdiyimiz yerə çatdırdıq.

Biz İbrahimə İshaqı, üstəlik Yaqubu da verdik. Onların hər birini saleh kimsələr etdik.

Onları bizim əmrimiz altında [insanlara] yol göstərən imamlar [liderlər, rəhbərlər] etdik. Onlara yaxşı işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız bizə ibadət edirdilər (Ənbiya, 21/51-73).

İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl bir nümunədir. Bir gün onlar öz qövmlərinə belə demişdilər: “Biz həm sizdən uzağıq, həm də Allahdan başqa nəyə ibadət edirsinizsə, ondan!… Biz sizi tanımırıq [sizi inkar edirik], bizim aramızda əbədi düşmənlik və kin doğmuşdur. Bu, siz Allaha, yalnız ona iman gətirənə qədər davam edəcəkdir (Mumtəhinə, 60/4)!

B) Həyat yoldaşını və uşağını bitkisiz və çılpaq bir vadiyə buraxmağı

Ey Rəbbimiz! Mən öz nəslimin bir qismini sənin müqəddəs məbədinin yanında bitkisiz və çılpaq bir vadiyə yerləşdirdim. Ey Rəbbimiz! Bunu onlar vaxtlı-vaxtında namaz qılsınlar deyə etdim. Elə et ki, insanların bəzilərinin könülləri onlara meyl etsin. Onlara cürbəcür məhsullarla ruzi ver. Bəlkə, şükr edələr (İbrahim, 14/37).

C) Təkbaşına bir ümmət olmağı

İbrahim təkbaşına bir ümmət idi. Allaha boyun əymişdi. Düppədüz idi. Müşriklərdən deyildi. Allahın verdiyi nemətlərə şükr edərdi. Allah da onu seçdi və ona doğru yolu göstərdi (Ən-Nəhl, 16/120-121).

D) Öz oğlunu qurban etməsi

İbrahim: “Ey Rəbbim, mənə bir övlad ver”, – deyə yalvardı.

Biz də ona xoş xasiyyətli bir oğlan uşağı ilə müjdə verdik.

O [oğlan uşağı, İsmail], onunla birlikdə işləmək çağına gəldi. Bu zaman atası ona belə dedi: “Oğlum! Mən yuxumda görürəm ki, səni həqiqətən kəsirəm… Bax gör nə fikirləşirsən?!”. O: “Atacan! Sənə nə əmr edilirsə, onu da et. Allahın köməyi ilə sən mənim səbrli olduğumu görəcəksən!”, – dedi.

Onların ikisi də Allaha təslim olmuşdu. Ata öz oğlunu üzüüstə yerə yıxmışdı.

Məhz o vaxt biz: “İbrahim!…”, – deyə səsləndik.

“Sən o yuxunu həqiqətən düzgün yozdun. Biz gözəl davrananları bax belə mükafatlandırırıq!”.

Bu, tamamilə açıq-aydın və ağır bir imtahandır.

Çünki biz ona qan bahası olaraq böyük bir qurbanlıq vermişdik.

O, sonrakı nəsillərin dilində [Allaha] bu cür təslim olması ilə xatırlanmağa davam edir.

Salam olsun İbrahimə!…

Biz gözəl davrananları bax belə mükafatlandırırıq!

O, bizə iman gətirən bəndələrimizdəndir (Əs-Saffat, 37/100-111)!

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.