Müsəlmanlar

Namaz qılmaq üçün namaz surələrini mütləq əzbərləmək lazımdır?

Sual: Mən namaz qılmaq üçün kifayət qədər surə və dua bilirəm. Buna baxmayaraq anam mənə deyir ki, Fil surəsindən aşağıda olan bütün surələri əzbərləməlisən. Bunun məcburi olduğunu deyir. Həqiqətən də, belədir?

Cavab: Hər bir müsəlman namaz qıla biləcək qədər Quran ayəsi və ya surə əzbərləməlidir. Bu, vacibdir. Siz qeyd edirsiniz ki, kifayət qədər surə bilirsiniz. Elə isə bu kifayətdir. Quranın Fil surəsindən sonrakı surələr qısa surələrdən ibarətdir. Ona görə də həmin surələrə xalq arasında namaz surələri deyilir. İnsanların əksəriyyəti bu surələri əzbər bildiyinə görə namazda da onları oxuyur. Lakin unutmamaq lazımdır ki, namazda ancaq bu surələrin oxunması vacib deyil; başqa surə və ayələr də oxumaq olar.

Ananızın sizə: “Mütləq əzbərləməlisən!”- deməyinin səbəbi də bu vərdişindən irəli gəlir. Əlbəttə, sizin o surələri əzbərləməyiniz yaxşı olar. Çünki Allahın kitabı olan Qurandan nə qədər çox ayə əzbərləsəniz, sizin üçün bir o qədər yaxşıdır. Beləcə, ibadətlərinizi daha şüurlu surətdə yerinə yetirə bilərsiniz.

Bizim sizə tövsiyəmiz ondan ibarətdir ki, bu işlə maraqlanasınız və bacardığınız qədər surə və ayə əzbərləyəsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.