Müsəlmanlar
Oxumaq üçün parik taxmaq və ya başı açmaq dini cəhətdən zərurət hesab olunur?

Oxumaq üçün parik taxmaq və ya başı açmaq dini cəhətdən zərurət hesab olunur?

Sual: Qadının hicab geyinməyi Quran ayəsi ilə müəyyənləşdirilməyibmi? Fərz (vacib) əməli yerinə yetirməmək kiçik günahdır? Tutalım ki, kiçik günahdır. Kiçik günah olsa belə, həmişə təkrar olunan kiçik günahlar böyük günaha çevrilmir? Ayədə əmr olunan bir şeyi bu qədər elementar surətdə tərk etmək düzgündür? Təhsil almaq İslam dini baxımından zərurət kimi qəbul edilən bir şey deyil. Mən haqsızam? Xahiş edirəm, bu məsələyə bir aydınlıq gətirəsiniz.

Cavab: Oxumaq üçün parik taxanlar və yaxud sadəcə olaraq məktəbdə, o cümlədən universitet, texnikum, peşə məktəbi, institut və sairə kimi təhsil ocaqlarında başlarını açan və başqa vaxtlarda bağlayan qadınıar heç bir səbəb olmadan həmişə başı açıq gəzən qadınlar kimi ola bilməzlər. Birinci kateqoriyadakılar başlarını “ürəkləri elə istədiyi üçün” deyil, şərait və tələblərdən asılı olaraq açırlar. Ona görə də məktəbdən çıxan kimi başlarını örtürlər. Məlumdur ki, onların bu hərəkətini böyük günahlardan hesab etmək olmaz. Belə olan halda, aşağıdakı ayələrə əsasən onların bağışlanacağına ümid etmək olar:

“Əgər siz, sizə qadağan edilmiş böyük günahlardan uzaq durarsınızsa, sizin kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir mövqeyə gətirərik”. ((Nisa, 4/31.))

“Göylərdə və yerdə olanların hamısı Allahındır. Bu, Allahın pislik edənləri öz gördükləri işlərlə cəzalandırmağı, yaxşı hərəkət edənləri də daha gözəli ilə mükafatlandırmağı üçündür”.

“Bunlar böyük günahlardan və fahişəlikdən (iyrənc əməllər) uzaq duranlardır. Digər günahlar istisnadır. Sənin Rəbbin əfvi çox olandır”. ((Nəcm, 53/31-32.))

O düzdür ki, kiçik günahlarda təkid etmək insanı böyük günahlara aparır. Amma yuxarıda da toxunduğumuz kimi, bu məsələ niyyətlə əlaqədardır. Çox da əhəmiyyət vermədən: “Necə olsa, Allah bağışlayar” – deyib başını açan qadın kiçik günahlara təkidlə davam edənlərin cərgəsinə daxil olur. Lakin birinci qrupdakıların bilə-bilə (qəsdən) kiçik günahlarda təkidli olduğunu demək olmaz. Əgər elə olsaydı, dərsdən çıxan kimi başlarını bağlamaz, eləcə açıq başla gəzərdilər.

Bir də ki, zərurət halı nisbidir. Başqa sözlə desək, izafidir (relativ). Belə ki, bir nəfərin zərurət hesab etdiyi bir şey başqa bir insanın nəzərində zərurət deyil. Buna görə də biz xüsusilə vurğulayırıq ki, bu qərar məsul olan şəxsin özünə məxsusdur. Qadın təhsil almağı, misal üçün, universitetdə oxumağı özü üçün zəruri bir hal hesab edirsə və parik taxmaq imkanı da yoxdursa, necə deyərlər, “günahına dözmək şərti ilə” başını aça bilər.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.