Sual: Mən tələbəyəm və imtahana hazırlaşıram. Mənim əvvəlki illərdən də qarşılaşdığım bir problem var: Əvvəlcə qəbul imtahanına hazırlaşdıqda oruc vaxtı dərslərdən qalırdım. Yaxşı hazırlaşa bilmirdim və necə deyərlər, çalışmağım səmərəsizliklə nəticələnirdi. Bu da təbii ki, dərslərimin gedişatına təsir göstərir və qiymətlərim aşağı düşürdü. Bu il də mühüm bir imtahanım orucluq ayına təsadüf edir. Mən belə fikirləşirəm: Ramazan ayının 21-ci günü imtahan keçiriləcək. Oruc tutmasam, nə olar? Deyim ki, bu imtahan mənim gələcəyim üçün çox mühümdür. Mənim üçün oruc tutmaq da mühümdür amma əgər oruc tutsam, bu, mənim dərslərimə və hazırlaşmaq əzmimə mütləq bir təsir göstərəcək. Bizim dinimizdə asanlıqlar var. Mən bu məsələni dostlarımla da müzakirə etdim. Lakin biz bir nəticəyə gələ bilmədik. Belə olan halda, mən nə etməliyəm? Orucun qəzası varmı? Biz orucu vaxtında tutmayıb qızaya saxlaya bilərik?
Cavab: Sizin Bəqərə surəsinin 183, 184, 185 və 186-cı ayələrini bir tərcümə-məal kitabından oxumağınız yaxşı olar. Orucla əlaqədar hökmlər həmin ayələrdə izah edilib. Bu ayələrdə bildirilir ki, ancaq xəstə və səfərdə olanlar oruclarını tutmayıb qəzaya saxlaya bilərlər. Çətin işlərdə işləyənlər, müəllim və tələbələr nə xəstə, nə də səfərdə olanlar kateqoriyasına daxildirlər. Həm də qeyd edilməlidir ki, orucun hikmətli cəhətlərindən biri də hər növ şərt və şəraitdə insanların Allahın buyuruğuna əməl edib etməyəcəklərinin müəyyən edilməsidir.
Siz müharibədən də çətin bir şərait təsəvvür edirsiniz? Yaxud da müharibə şəraitiylə imtahanlara hazırlıq şəraitini müqayisə edirsiniz? Unutmamaq lazımdır ki, ilk Ramazan orucu əshabələr döyüşdə olduqları vaxt vacib edilib. Bu dünya imtahan dünyasıdır. Yaxşı olar ki, siz bunu nəzərə almağa çalışın və imtahanlarınızı əsas tutub orucunuzu güdaza verməyin.
Dinimiz tərəfindən oruc tutmaq ibadətində qoyulan asanlıq prinsipi yuxarıda da qeyd edildiyi kimi xəstələri və səfərdə olanları əhatə edir. Əks halda, oruc tutmaq istəməyən hər bir kəs özünə görə haqlı bir səbəb tapar və asanlıq prinsipindən istifadə edə bilərdi.
Beləliklə, siz orucunuzu tutaraq Allahı razı edin ki, Allah da sizə kömək olsun.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.