Müsəlmanlar
Kafir nə deməkdir? Kafir kimlərə deyilir?

Kafir nə deməkdir? Kafir kimlərə deyilir?

Sual: Kafir kimdir? Kafirlik etmək nə deməkdir? Kimlərə kafir deyilir? Kafirin xüsusiyyətləri nədən ibarətdir?

KAFİR (ÖZÜNÜ GÖRMƏMƏZLİYƏ VURAN)

Bəqərə surəsi, 6-cı ayə ((Abdulaziz Bayındır, Qurani-Kərimin izahlı tərcüməsi: Fatihə surəsi, Bəqərə surəsi (Azərbaycan dilinə tərcümə edən: Dr. Fəqani Bəylərov), Bakı, Təknur nəşriyyatı, 2005, s. 78-80.))

Özünü görməməzliyə vuranlara gəlincə, sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur; iman gətirməzlər.

Kafir sözü küfr kökündən əmələ gəlib və bir şeyin üstünü örtüb gizləmək mənası verir.

1) Yaxşı və doğru şeylərin üstünü örtmək

Yaxşı və doğru şeylərin üstünü örtüb gizləyən şəxs onların görünməyinə mane olur. Ərəb dilində buna küfr və ya küfran deyilir. Bir çox şəxs özünə edilən yaxşılıqları görmək istəmir. Bu, pis bir şeydir. Allah bu haqda belə buyurur:

Dənizdə sizin başınıza bir müsibət gəldiyi zaman, köməyə çağırdığınız hər kəs yox olur. Ancaq Allah sizi xilas edib, quruya çıxardanda üz döndərirsiniz. İnsan nankordur [ona edilən yaxşılıqları görmür] (İsra, 17/67)!

Allah xainlərin və nankorların heç birini sevməz (Həcc, 22/38)!

Bir çox insan belə bir hala düşə bilər. Məsələnin ən pis cəhəti Allahı, onun peyğəmbərini və kitabını inkar etməkdir. Əsl kafirlik budur. Bir ayədə belə deyilir:

Həqiqətən, biz bu Quranda hər cür məsəl çəkdik. Ancaq insanların çoxu [nankorluq edib] küfrə düşdülər (İsra, 17/89).

Kafir insanın əlində tutarlı bir əsası olmur. O, özünü müdafiə etmək məcburiyyətinə düşəndə həqiqətləri danır. İblisin doğru yoldan çıxması ilə əlaqədar ayələri buna misal göstərmək olar:

Sizi yaratdıq, sonra sizə  surət [forma] verdik və mələklərə: “Adəmə səcdə edin!”, – dedik. İblisdən başqa hamı səcdə etdi. İblis səcdə edənlərdən olmadı. [Allah Təala] İblisə: “Mən əmr edəndə sənin səcdə etməyinə nə mane oldu?”, – deyə buyurdu. İblis də: “Sən məni oddan, onu isə palçıqdan yaratdın. Odur ki, mən ondan üstünəm”, – deyə cavab verdi (Əraf, 7/11-12).

Əslində İblis Allahın əmri qarşısında özünü görməməzliyə vurub, Adəmə qarşıymış kimi davrandı; bu yolla həqiqəti danıb, öz nankorluğunu gizlətməyə çalışdı. Çünki hər şeyi Allaha borclu olduğunu bilirdi və bütün bunlar İblisin aşağıdakı sözlərində gizlənmişdi:

Mən ondan üstünəm [daha yaxşı və şərəfliyəm]. Məni oddan, onu isə palçıqdan yaratdın (Sad, 38/76).

Sənin quru və iylənmiş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz (Hicr, 15/33)!

İblisin layiq olduğu cəza gecikmədi. Allah Təala ona belə buyurdu:

En oradan! Sənin orada təkəbbür göstərməyə haqqın yoxdur! Oradan çıx! Çünki sən alçaqlardansan (Əraf, 7/13)!

Beləliklə, İblis kafir oldu. Əslində o, Allahın varlığına və birliyinə şübhə etmirdi. Axirətin də həqiqi olduğuna inanır və onu qəbul edirdi. Çünki İblis cənnətdən qovulduqdan sonra Allaha belə yalvarmışdı:

Ey Rəbbim! İnsanların yenidən diriləcəkləri günə [Qiyamətə] qədər mənə möhlət ver (Sad, 38/79).

Allahın bir əmrini inkar etməyi İblisin kafir olmağına kifayət etdi. İnsan da belədir; əslində bilmədiyi üçün deyil, Allahın əmrləri qarşısında özünü görməməzliyə vurduğuna görə kafir olur.

2) Pis şeylərin üstünü örtmək

Pis şeylərin üstünü örtüb, onları gizlətmək bir yaxşılıqdır. Bu cür şeyləri Allah da gizləyir:

Əgər siz, sizə qadağan edilmiş böyük günahlardan uzaq durarsınızsa, sizin kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir mövqeyə gətirərik (Nisa, 4/31).

İnananlar və gözəl işlər görənlər… Onların günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafatlar verərik (Ənkəbut, 29/7).

Ey möminlər! Əgər Allahdan qorxsanız, O sizə doğrunu əyridən [haqqı nahaqdan] ayırma gücü verər və günahlarınızın üstünü örtüb, sizi bağışlayar. Allah böyük fəzilət sahibidir (Ənfal, 8/29)!

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.