Müsəlmanlar
İmam Əbu Hənifə al-verdə bir gəlir limiti müəyyənləşdirib?

İmam Əbu Hənifə al-verdə bir gəlir limiti müəyyənləşdirib?

Sual: Belə bir fikir irəli sürülür ki, İmam Əbu Hənifə gəlir limitini 100 faizlə məhdudlaşdırıb. Belə deyilir ki, onun fikirlərinə əsasən bir şəxsin eyni maldan bir dəfədə, yaxud birdən artıq satışda ümumilikdə 100 faizdən çox gəlir götürməsi düzgün deyil. Axırıncı satışda əvvəlki gəliri mayadan çıxmaq lazımdır. Bu barədə nə deyərdiniz?

Əbu Hənifə bir gəlir limiti müəyyənləşdirməyib. Sizin dediyiniz məsələ gəlir limiti ilə deyil, mürabihəli satışla əlaqədardır. Mürabihəli satış isə malın alış qiymətinin, yaxud da mal olma qiymətinin əyər-əskiksiz müəyyən edildiyi, satıcının qazandığı gəlirin alıcıya dəqiq bildirildiyi satış deməkdir. Əbu Hənifənin bu məsələ ilə əlaqədar sözlərini aşağıdakı kimi xülasə etmək olar:

“Bir nəfər 10 manata aldığı bir malı 20 manata satsa, sonra həmin malı təzədən 10 manata satın alsa, bu mal ona müftə (pulsuz) başa gəlmiş olur. Maliyyəti sıfır olan bir malı mürabihəli formada 10%, 20% kimi bir gəlirlə satmaq mümkün deyil. Çünki sıfırın 10%-i də, 20%-i də elə sıfırdır. Buna görə də Əbu Hənifə belə bir məsələdə mürabihəli satışı düzgün hesab etməyib. Çünki mürabihəli satışdan götürülən gəlir alış qiymətinin müəyyən bir nisbətidir”. ((Əbu Bəkr ibn Məsud Əl-Kəsani, Bədaius-sənai fi tərtibiş-şərai, V cild, s. 221.))

Buna baxmayaraq Əbu Yusuf və Mühəmməd kimi alimlər deyiblər ki, biz ilk alışı nəzərə almırıq. Madam ki, bu şəxs bu malı təzədən 10 manata satın alıb, elə isə mürabihə nisbəti elə həmin 10 manata əsasən hesablanmalıdır. ((Eyni mənbə, s. 224.))

Beləliklə, qeyd edilməlidir ki, Əbu Hənifənin mürabihənin həyata keçməyəcəyi istiqamətindəki fikrini gəlir limiti məsələsi ilə qarışdırmaq səhvdir. Halbuki, Əbu Hənifənin fikrincə, həmin şəxs bu malı mürabihəli olaraq deyil, azad bazar üsulu ilə, yəni, malın alış qiymətini və yaxud maliyyətini demədən təzədən 20 manata satsa, bir eybi yoxdur.