Sual: Bəzi müsəlmanlar nəzir qurbanı kimi toyuq və xoruz kəsirlər. Bu bir qədim Yəhudi ənənəsidir?
Cavab: Qurani-Kərimin 22-ci surəsi olan Həcc surəsinin 28 və 34-cü ayələrinə əsasən qurban kəsilən heyvanlar ənam cinsindən olmalıdır. Ənam surəsinin 143-144-cü ayələrində izah olunub ki, həmin heyvanlar qoyun, keçi, iribuynuzlu mal-qara (inək, dana, camış, düyə, buğa, cöngə və ilaxır), eləcə də erkək və dişi dəvədir. Bu heyvanlardan başqa heç bir heyvandan qurban olmaz.
Bəzi müsəlmanların nə üçün toyuq və xoruzdan nəzir qurbanı deməyinin mənbəyini açıq-aydın surətdə bilmək mümkün deyil. Lakin xırda və iribuynuzlu heyvanlardan başqa hində yaşayan heyvanlardan sadəcə olaraq qumru və göyərçin kimi quşların da qurban kəsildiyi yəhudilikdə buna yaxın bir adət var.
“Bu adətə əsasən Yom Kipur günündən bir gün qabaq ağsaqqal bir yəhudi hində yaşayan bir heyvanı (əgər erkəkdirsə, xoruz, dişidirsə, bir toyuğu) götürür və heyvanın boynundan tutub başının üstündə üç dəfə fırladaraq belə deyir: “Bu mənim kəffarəm və fidyəmdir. Bu xoruz (toyuq) öləcək. Amma mən uzun və xoşbəxt bir ömür sürəcəyəm”. Ondan sonra heyvanı kəsirlər və kasıblara verirlər. Və yaxud onun qiyməti qədər sədəqə verirlər”.
“Kapara-Kaparot adlandırılan bu adət Tövratdakı qurban məsələsi ilə əlaqədar olmayan və inanca görə insanın müxtəlif səbəblərlə etdiyi günahlarla əlaqədar olaraq peşmanlıq hissini ifadə etmək üçün xoruz kimi bir heyvan kəsdirib sədəqə verməkdir. Kapara bir dini borc deyil. Bu bir adət-ənənəni bildirir”. ((Yusuf Besalel, Yahudilik Ansiklopedisi (Türk dilində) “Kapara-Kaparot” bəndi, Gözlem Gazetecilik Basın ve Yayın A. Ş., İstanbul, 2001, 2-ci cild, s. 309-310.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.