Müsəlmanlar

Həcdə şeytan daşlamaq

Sual: Şeytan daşlamaq deyilən bir şey var? Son vaxtlarda bəzi müəllimlər televiziya vasitəsilə həccdə şeytan daşlamağın olmadığını, bunun sonradan meydana gəldiyini irəli sürürlər. Görəsən, bunun düzgün versiyası nədir?

Cavab: Həccdə şeytan daşlamaq məsələsi Quran ayəsində ifadə olunub. Allah Təala bu barədə belə buyurur:

“Sayı məlum olan günlərdə Allahı xatırlayın! Kim tələsərək (Minadan) iki gündə qayıtsa, ona heç bir günah gəlməz. Kim geciksə, ona da bir günah yoxdur. Bu, müttəqilərə aiddir. Allahdan qorxun və bilin ki, siz onun hüzurunda toplanacaqsınız!” (Bəqərə, 2/203).

Qurban bayramının birinci gününə yəvmu-n-nəhr, ikinci, üçüncü və dördüncü günlərinə isə əyyami-təşriq deyilir. Qurban bayramının birinci günü hacılar şeytan daşlar, qurban kəsər və Məkkəyə enib Kəbəni təvaf edərlər. Minaya qayıtdıqları vaxt o gün qurtarar, ikinci gün, yəni, əyyami-təşriq başlayar. Bundan sonra Minada dalbadal iki gün şeytan daşlamaq ibadətini yerinə yetirmək qalır. Hacılar peyğəmbərimizin (s. a. v.) etdiyi kimi hər gün günortadan sonra kiçik, orta və böyük şeytanı daşlayır və həcc əməllərini başa vururlar. Ayədə ifadə olunduğu kimi həcc əməllərini sona çatdıran şəxs əgər bu müddət ərzində pis işlərdən çəkinibsə, günahsız hala gəlir. Bunu iki gündə başa vuranların vəziyyəti də eynidir. Şeytana daş atdıqda: “Bismillahi, Allahu Əkbər (Allahın adı ilə! Allah böyükdür!)”, – deyilir. Bu günlərin zikri bundan ibarətdir. Bunu peyğəmbərimiz (s. a. v.) göstərib.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.