Müsəlmanlar
İslam hüququnda fasiqlər barədə nə deyilir?

İslam hüququnda fasiqlər barədə nə deyilir?

Sual: Mən İslam hüququna əsasən fasiq şəxslərin hökmü barədə məlumat almaq istəyirəm. İslam dini ilə əlaqədar bəzi əsərlərdə qeyd edilir ki, məhkəmədə fasiq insanların şahidliyi qəbul edilmir. Belə deyilir ki, hətta fasiq bir insan Ramazan ayının başlanğıcını göstərən hilalı (aypara) gördüyünü desə belə, ona etibar edilmir. Elə isə belə adamların fasiqliyi necə müəyyən edilir? İnsanın fasiq olmağı necə sübuta yetirilir?

Cavab: Bu məsələ ilə əlaqədar olaraq İslam Muhakeme Hukuku adlı kitabımızın 153 və 154-cü səhifələrində belə deyilir:

“Fasiq bir şəxsin şahidliyini qəbul etmək olmaz. Öz hərəkətlərində dinin müəyyən etdiyi sərhədləri keçən (həddi aşan) bir müsəlmana fasiq deyilir. Çünki haram olduğuna inandığı halda, dinin qadağan etdiyi bir işi görməkdən çəkinməyən insan haram olduğuna inandığı halda, yalan yerə şahidlik etməkdən də çəkinməyə bilər. Allah Təala fasiq bir insanın verdiyi xəbərin dərhal qəbul olunmamağını buyurmuş və belə demişdir:

“Ey iman gətirənlər! Fasiq bir şəxs sizə bir xəbər gətirsə, onun iç üzünü araşdırın. Əks təqdirdə, bilmədən bir cəmiyyətə pislik edər, sonra da etdiyinizə peşman olarsınız”. ((Hucurat, 49/6.))

Belə bir şəxsin verdiyi xəbərin qeydsiz-şərtsiz qəbul edilməməyinin əmr olunması onun şahidliyinin qəbul edilməsinə qarşı maneə təşkil edir. Xəbərin əslinin araşdırlmağının tələb olunması isə onun sözünə etibar etməyin mümkün olmadığını göstərir. Bu məsələdə bütün məzhəblər həmfikirdirlər.

Fasiq olduqlarına görə şahidlikləri bir hakim tərəfindən rədd edilən şəxslər həmin məsələ ilə əlaqədar olaraq başqa bir hakimin qarşısında da şahidlik edə bilməzlər. İkinci hakim onların şahidliyini qəbul edib hökm çıxarsa da, həmin hökm etibarlı deyil; yəni, qüvvəyə minə bilməz. Və bir hakim fasiq olduqlarına görə şahidliyini rədd etdiyi insanları eyni məsələ ilə əlaqədar olaraq təzədən dinləyə bilməz.

İnsanı hansı hərəkətlərin fasiq halına salması məsələsi mübahisəlidir. Dini qaynaqlarda bu məsələyə geniş yer ayrılıb. Bu qəbildən olaraq rəqqaslıq (rəqs etmək) və məsxərə kimi namus və ləyaqəti təhqir edən hərəkətlərə vərdiş edənlər, oyun və əyləncə ilə vaxt keçirənlər, yaxud oyuna aludə olub namazlarını qəzaya saxlayanlar, qadınlaşan kişilər (müxənnəs, homoseksual), içkiyə mübtəla olanlar və faiz yeyənlər, eləcə də ümumi əxlaq qaydalarına zidd hərəkətlərə yol verənlərin şahidliyi qəbul edilmir.

Bu kimi şəxslər tövbə edib özlərini islah etsələr, şahidlikləri qəbul olunur. Lakin yalançı kimi tanınan və bu cür məşhur olan bir nəfər tövbə etsə belə, şahidliyi heç vaxt qəbul olunmur. Çünki bu şəxsin tövbə edərkən səmimi olub olmadığını bilmək olmaz.

Əbu Yusufun fikrinə əsasən fasiq bir şəxs insanlar arasında nüfuz sahibi və ləyaqətli biridirsə, onun şahidliyi qəbul olunur. Çünki şahidliyində yalan şübhəsi olmaz. Mötəbər bir şəxs olduğuna görə heç kim ona nəyinsə müqabilində şahidlik etdirməyə cəsarət edə bilməz. Heysiyyətli olduğuna görə də heç bir mənfəət gözləmədən yalan deməkdən çəkinər. Əbu Yusufun bu fikri tərəfdar toplaya bilməyib. Yəni, bu fikri dəstəkləyən olmayıb”. ((Abdulaziz Bayındır, İslam Muhakeme Hukuku-Osmanlı Devri Uygulaması, İSAV nəşriyyatı, İstanbul, 1986, s. 153-154.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.