Müsəlmanlar

Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var?

Sual: Deyilənə görə belə bir hədis var: “İşlərinizdə nə edəcəyinizi bilməyib karıxdığınız vaxt qəbirlərdəki ölülərdən kömək diləyin”. Bu düzdür? Əgər düzdürsə, deməli, bu hədis həm ölülərdən kömək istəməyin, həm də təriqətlərdəki rabitə inancının dini cəhətdən müvafiq olduğuna dair bir dəlil kimi göstərilə bilər. Bu məsələni necə izah etmək lazımdır?

Cavab: Təriqətlərə mənsub olan bəzi şəxslər bu məsələyə dair bir hədis olduğunu deyib aşağıdakı rəvayətləri dəlil gətirir və qəbirdəkilərdən kömək istəməyi düzgün hesab edirlər:

إِذا تَحَيَّرْ تُم فِي اْلأمُورِ فاَسْتَعِينُوا بِأَهْلِ اْلقُبُورِ

إِذا أَعْيَتْكُمْ الأمُورُ فَعَلَيْكُمْ بِأهْلِ الْقُبُورِ ، أوْ فاَسْتَعِينُوا بِأَهْلِ اْلقُبُورِ

“İşlərinizdə nə edəcəyinizi bilməyib çaş-baş qaldığınız vaxt qəbirlərdəki ölülərdən kömək istəyin”.

Halbuki, İbn Teymiyyənin də ifadə etdiyi kimi, bu söz “Peyğəmbərimizin hədislərini yaxşı bilən alimlərin ittifaqı ilə yalandır. Peyğəmbərə atılmış bir böhtandır. Hədis alimlərinin heç biri bu sözü hədis kimi rəvayət etməyib. Bu söz mötəbər hədis kitablarının heç birində yoxdur. ((İbn Teymiyyə, Məcmu-u Fətava, 1-ci cild, s. 356.)) Bu söz şirk qapısını açan bir nəfər tərəfindən uydurulub”. ((İbn Teymiyyə, həmin əsər, 11-ci cild, s. 293.))

Əcluni-nin Kəşful-Xəfa ((1-cild, s. 85, hədis nömrəsi 213.)) adlı əsərində qeyd olunan bu söz haqqında ətraflı məlumat əldə etmək üçün Kur’an Işığında Tarikatçılığa Bakış adlı kitabımızın müvafiq fəsillərini oxumağınızı tövsiyə edirik:

MÜRİD: Sən demisən ki, bu hədisi qəbul etmirsən: “İşlərinizdə nə edəcəyinizi bilməyib çaş-baş qaldığınız vaxt qəbirlərdəki ölülərdən kömək istəyin”. ((Mahmud Ustaosmanoğlunun (Mahmud Əfəndi) başçılıq etdiy bir heyət, Ruhu’l-Furqan Təfsiri, İstanbul 1992, 2-ci cild, s. 82.))

Sən bunun nəyinin əleyhinə çıxırsan ki? Qəbirlərdəki ölülərdən kömək istəmək ondan dərs götürüb ibrət almaq deməkdir.

ABDULAZİZ BAYINDIR: Elə isə niyə “ölülərdən ibrət alın” deyilmir? Nə üçün “onlardan kömək diləyin” deyilir?

Hədis kimi təqdim edilən və əslində uydurma olan bu sözün Ərəb dilindəki orijinalında “إستعينوا” “istianə edin” deyilir.  Halbuki, Quranın Fatihə surəsində: “Ancaq səndən istianə edirik (kömək diləyirik)”, – deyilir (“İyyakə nəstəiin”). Allah bu ayədə buyurur ki, köməyi ancaq bir yerdən – Allahdan istəyək. İndi deyin görək, sizin hədis adlandırdığınız bu söz yuxarıdakı ayə ilə açıq-aşkar ziddiyyət təşkil etmirmi?

Məgər hər namazda Fatihə surəsini oxumağımızın və onun mənasını öz zehnimizdə canlı saxlamağımızın bir səbəbi yoxdur? Yuxarıdakı sözü Muhəmməd peyğəmbərə (s. a. v.) yaraşdıran iftiraçıların cərgəsinə daxil olmaq sizə ağır gəlmir? Heç düşünmürsünüzmü? Əsas vəzifəsi Quranı təbliğ edib başa salmaq olan həzrəti Muhəmmədin (s. a. v.) Qurana zidd bir sözü ola bilər? Üstəlik də bu sözü onun ağzından eşidən olmayıb. Onunla eyni dövrdə, yaxud onlardan sonra yaşayan insanların arasında belə bir söz deyən olmayıb. Bunu öz hədis külliyatına daxil edən müəllif də yoxdur, mötəbər hədis kitabı da. Qısa desək, bunların heç biri mövcud deyil.

Biz bunu sizə çox dedik. Lakin siz bu məsələyə dair heç bir şey tapa bilmədiniz. Bilirsinizmi niyə? Çünki olmayan şeyi tapmaq olmaz.

MÜRİD: Əcluni-nin Kəşful-Xəfa adlı kitabında var axı. Onun kitabında olmağı bizim üçün kifayətdir. Əcluni böyük bir hədis alimidir. O da bunu İbn Kamalın Əl-Ərbəin əsərindən əxz edib.

ABDULAZİZ BAYINDIR: Əcluni o kitabı xalq arasında hədis kimi qəbul olunan sözlərin düzgün versiyası ilə əsassız olanlarını bir-birindən ayırmaq üçün yazıb. Buna görə də həmin kitabda çoxlu uydurma hədis var. Əcluni kitabın əvvəlində Hafiz İbn Həcərin aşağıdakı sözünü nəql edir:

“Əsli olmayan hədisi kim nəql etsə, Buxarinin də qeyd etdiyi kimi, Muhəmməd peyğəmbərin (s. a. v.) bu sözündə nəzərdə tutduğu insanlarına cərgəsinə daxil olar: “Kim məndən mənim demədiyim bir şeyi nəql etsə, Cəhənnəmdə oturacağı yerə hazırlaşsın”. ((İsmail ibn Muhəmməd Əl-Əcluni, Kəşful-Xəfa, Beyrut 1988/1408, 1-ci cild, s. 8.))

Əcluni kitabına daxil etdiyi hədislərin mənbələrini bildirir. Bu sözlə əlaqədar olaraq təkcə: “İbn Kamal Paşa Əl-Ərbəin əsərində belə deyib”, – qeydini əlavə etmişdir. İbn Kamalın həmin əsərinə baxdıqda məlum olur ki, hədis kimi nəql etdiyi o sözə heç bir qaynaq göstərməyib. ((İbn Kamal Paşa, Əl-Ərbəin, ö. 360. Süleymaniye Kitanxanası, Əsad Əfəndi, 1694. İbn Kamal, Osmanlı padşahı Yavuz Sultan Səlimin məşhur şeyxülislamıdır. 1469-cu ildə Tokat şəhərində doğulmuş, 1534-cü ildə İstanbulda ölmüşdür. Onunla peyğəmbərimizin arasında 900 ildən çox bir müddət var. Ona görə də heç bir mənbə qeyd etmədən və mənası da Qurana tamamilə zidd olan bu sözü hədis kimi irəli sürməyi qəbuledilməzdir. İbn Kamal bu əsərində qaynaq göstərmək əvəzinə həmin sözün hədis olduğunu sübuta yetirmək üçün fəlsəfi izahatlarla məşğul olub.))

Yavuz Sultan Səlimin şeyxülislamı İbn Kamal həzrəti peyğəmbəri görməyib. Ona görə də heç bir əsası olmayan bir sözə hədis deyənlər “Cəhənnəmdə oturacaqları yerə hazırlaşmalıdırlar”. ((Abdulaziz Bayındır, Kur’an Işığında Tarikatçılığa Bakış, Süleymaniye Vakfı Yayınları, İstanbul, 2007, s: 12-14.))

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.