Sual: Qohum evliliyi hansı qarına qədər haramdır? Dində bu barədə nə deyilir?
Cavab: İslam dinində evlənməyi qadağan edən qohumluq yaxın qohumluq, sihri qohumluq və süd qohumluğu vasitəsilə olur.
Yaxın qohumlar: Bir kişi öz yaxın qohumlarından ana və nənələri, öz qızı və nəvələri, bacıları və qardaş-bacılarının qızları və nəvələri ilə, eləcə də öz bibisi və xalası ilə evlənə bilməz.
Sihri qohumlar: Bir kişi evləndiyi qadının anası və nənələriylə ömür boyu evlənə bilməz. Onunla zifafa girən arvadının qızı və nəvələri də eynidir. Öz atası və babasının arvadlarıyla, oğlunun və nəvələrinin arvadları da ona əbədi olaraq haramdır.
Süd qohumluğu: Bir şəxsin 2 yaşına qədər südünü əmdiyi qadın və o qadının əri, uşaqları və əmizdirdiyi digər uşaqları ona süd baxımından qohum olurlar. Bəzi istisnaları olmaqla yanaşı, bir müsəlman yaxın qohumluğa görə evlənə bilməyəcəyi qadınlarla süd qohumluğu səbəbindən də evlənə bilməz. Misal üçün, bir kişi öz süd anası, süd xalası, süd bibisi və süd bacısı ilə evlənə bilməz.
Bunların xaricində qalan qohumlarıyla evlənməyində dini cəhətdən bir problem yoxdur.
Məsələ ilə əlaqədar ayələr aşağıdakı kimidir:
“Atalarınızın evləndiyi qadınlarla evlənməyin, keçmişdə olanlar artıq keçib. Çünki bu, çox iyrənc və çirkin bir şeydir, nə pis yoldur!
Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın yanınızda qalan ögey qızları (onlarla yaxınlıq etməmişsinizsə, sizə bir maneə yoxdur) ilə evlənmək haram edildi. Öz oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Keçmişdə olanlar artıq keçib. Həqiqətən, Allah bağışlayan və mərhəmət edəndir.
Ərli qadınlar da (müharibə əsiri olaraq alıb) sahib olduqlarınızdan başqa haramdır. Bu, Allahın sizə yazdığı şeydir. Bunların xaricində qalanlar isə namuslu yaşamağınız və zinadan uzaq durmağınız şərtilə sizə halaldır. Bunlardan hansılarından nikah ilə istifadə etsəniz, mehrlərini müəyyən etdiyiniz miqdarda verin. Mehri müəyyənləşdirdikdən sonra könül xoşluğu ilə başqa bir formada uyuşmağınızın bir günahı yoxdur. Allah bilir, düzgün qərar verir”. (Nisa, 4/22-24)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.