Müsəlmanlar

Hamilə qadın nə cür namaz qılmalıdır?

Sual: Mən 5 aydır ki, hamiləyəm. 3 yaşında bir oğlum da var. 5 vaxt namazlarımı layiqincə qılmağa çalışıram amma bu ibadəti yerinə yetirmək mənim üçün getdikcə çətinləşir. Namazı hələ ki, oturub qılıram. Bəlkə, 2-3 aydan sonra bunu da edə bilməyəcəyəm. Vicdan əzabı çəkirəm. Görəsən bu məsələdə bir asanlıq var?

Cavab: İslam dini asanlıq dinidir. Allah Təala Qurani-Kərimdə belə buyurur:

“Allah heç kimə onun gücünün çatdığından artıq yük yükləməz”. (Bəqərə, 2/286)

Allah Təala insanlara dinin əmr etdiyi məsələlərdə heç bir çətinlik yükləməyib. O, belə buyurur:

“Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) və sizə verdiyi nemətini tamamlamaq istəyir. Beləcə bəlkə, şükr edəsiniz”. (Maidə, 5/6)

“(Allah) sizə  din barəsində heç bir çətinlik yükləməyib”. (Həcc, 22/78)

“Kora babal yoxdur, topala babal yoxdur, xəstəyə də babal yoxdur (onlara günah gəlməz)”. (Fəth, 48/17)

Namazını ayaq üstə qıla bilməyənlərlə əlaqədar olaraq belə bir hədis var:

İmran ibn Husayndan rəvayət edilir: Məndə hemoroid (babasil) xəstəliyi var idi. Peyğəmbərimizdən soruşdum ki, belə bir vəziyyətdə namazı necə qılım? O, mənə cavab olaraq: “Namazı ayaq üstə qıl. Əgər buna gücün çatmasa, oturub qıl. Buna da gücün çatmasa, böyür üstə uzanıb qıl” ((Buxari, Təqsirus-Səlat, 19; Əbu Davud, Səlat, 174)) – dedi.

Siz ancaq əlinizdən gələn və görə bildiyiniz işlərə görə cavabdehsiniz. Namazınızı bacardığınız qədər oturub qılın. Gücünüz buna da çatmasa, hədisdə bildirildiyi kimi uzanıb qılın.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.