Sual: Mənim bir restoranım var. Müştərilərin əksəriyyəti yaxınlıqdakı ofis və mağazalardan gəlirlər. Günorta vaxtı yeməkxanamızda işlər çox olur. Xüsusilə Cümə namazı vaxtı. Mən restoranın sahibi kimi işimin başında olmalıyam. Vəziyyət belə tələb edir. Digər tərəfdən də Cümə namazını keçirmək istəmirəm. Bu halda, mən nə etməliyəm?
Cavab: Allah Təala Cümə namazının əmr olunduğu ayədə belə buyurur:
“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin və al-veri (ticarət) saxlayın! Bilsəniz, bu sizin üçün daha xeyirlidir. Namaz qurtardıqda dərhal yer üzünə dağılışın və Allahın lütfündən istəyin. Allahı çox zikr edin ki, bəlkə, umduğunuza qovuşasınız (nicat tapasınız)” (Cümə, 62/9-10).
Allah Təala bunu buyurduğu vaxt müsəlmanların işinin çox olacağını lap yaxşı bilirdi! Əsas məsələ bu işlərin arasında (nə qədər çox iş olursa, olsun) Allahın dəvətinə cavab vermək, necə deyərlər, onu yerinə yetirməkdir. Heç bir şey Allahın və onun elçisinin (Muhəmməd peyğəmbər) buyuruqlarının qabağına keçməməlidir. Bir ayədə belə deyilir:
“De ki, əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz al-ver, bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmrini gətirənədək gözləyin. Allah fasiqlər (günahkarlar) dəstəsini hidayətə (doğru yol) çatdırmaz” (Tövbə, 9/24).
Bir müsəlman kimi sizə yaraşan şey Allahın dəvətinə cavab verməkdir. Çünki işlərin o dərəcədə çoxluğuna baxmayaraq sizə: “Ticarəti saxla, namaza gəl!”, – deyən də, sizə ruzi verən də Allahdır.
Azan oxunduğu vaxt məscidə gedin. Qabaqcadan getməyiniz şərt deyil. Namazın fərzi (vacib) başa çatan kimi başqa bir namaz qılmadan işinizə qayıdın. Yuxarıdakı ayələrdən də məlum olduğu kimi, Allahın istəyi budur. Sonra iş yerinizdə imkan tapsanız, 2 və yaxud 4 rükət namaz qıla bilərsiniz; ki, bu da şərt deyil. Bunun xaricində başqa bir iş görməyinizə ehtiyac yoxdur.