Sual: Siz musiqi aləti çalmağın, yaxud da musiqiyə qulaq asmağın dini baxımdan hər hansı bir pis cəhəti olmadığını deyirsiniz. Belə olan halda, bu hədis necə izah edilə bilər? Hədis belədir: “Vaxt gələcək, mənim ümmətimdən olan bəzi insanlar zina etməyi, ipək paltar geyinməyi, içki içməyi və mizmarı halal hesab edəcəkdir (Buxari)”. Səhv etmirəmsə, "mizmar" sözü burada musiqi alətləri mənasında işlədilib. Görəsən, bu hədis düzgün deyil, yoxsa? Musiqi aləti çalmaq və musiqiyə qulaq asmaq necə caiz ola bilər?
Cavab: Bu hədis sənəd (istinad) baxımından səhih (mötəbər) olsa belə, məna baxımından səhih hədis kimi görünmür. Çünki zina etmək və içki içmək Qurani-Kərimin ağır qadağalarındandır. İpək paltar geyinmək isə peyğəmbərimiz (s. a. v.) tərəfindən kişilərə qadağan olunub. İpəyin əl böyüklüyündə olanını geyinməyə icazə verilib. ((Tirmizi, Libas, 1; Əbu Davud, Libas, 7))
Mizmara gəldikdə, onu qadağan edən başqa bir dəlil yoxdur.
İçki içmək və zina etməyi halal hesab edən şəxs kafir olur və buna görə də peyğəmbərimizin (s. a. v.) ümmətindən kənara çıxır. İpəyin qadağan edildiyi hədis isə xəbəri-əhəd yolu ilə gəldiyinə görə onu (ipək paltar geyinməyin qadağan olduğunu) inkar edənin kafir olduğunu demək olmaz.
İpəyin və mizmarın qəti şəkildə haram olduğuna dair hökm verilsə, onları uzaq başı kiçik günahlar kateqoriyasına daxil etmək olar. Belə olan halda da yuxarıdakı hədisdə böyük günahlarla kiçik günahlar bir-birinə qarışdırılmış olur. Allah Təala belə buyurur:
“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, sizin kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli bir yerə çatdırarıq” (Nisa, 4/31).
“O yaxşılar kiçik qüsur və günahlardan olmasa da, böyük günahlardan və açıq-aşkar həyasızlıqlardan çəkinərlər. Sənin Rəbbinin məğfirəti (bağışlamağı) boldur. O, sizi torpaqdan yaratdıqda və siz hələ analarınızın qarnında döl halında olduğunuz vaxt mayanızın nə olduğunu çox yaxşı bilir. Elə isə özünüzü təmizə çıxartmayın, öyünməyin. Çünki kimin Allahı daha çox sayıb Ona qarşı çıxmaqdan çəkindiyini O (Allah) özü çox yaxşı bilir” (Nəcm, 53/32).
Allah yuxarıdakı ayələrdən də göründüyü kimi böyük günahlarla kiçik günahları bir-birindən ayırd edib. İçki içmək və zina etmək böyük günahlardandır. Halbuki, heç bir mənbədə musiqi alətləri çalmağın böyük günahlardan olduğu bildirilməyib. Peyğəmbərimizin (s. a. v.) də böyük və kiçik günahları bir-birinə qarışdırmaq kimi bir iş görməyəcəyi yaxşı məlumdur. Bundan söhbət belə gedə bilməz.
Allah başqa bir ayədə belə buyurur:
“O, sizə çətinlikdə qaldığınız hallar istisna olmaqla nəyi haram edibsə, onu açıq-aydın izah edib” (Ənam, 6/119).
Peyğəmbərimiz (s. a. v.) də belə deyib:
“Halal məlumdur. Haram da məlumdur”. ((Buxari, İman, 39, Büyu, 2; Müslim, Müsəqat, 107; Əbu Davud, Büyu, 3; Tirmizi, Büyu, 2; Nəsai, Büyu, 2; İbn Macə, Fitən, 14.))
Musiqi və musiqi alətləri haqqında bir neçə başqa hədis də var. İmam Qəzzali, Kəmaləddin ibn Hümam, Əbdülqəni Nəblusi, İbn Abidin, Təqiyəddin Sübki, Rəmli, İbn Həzm və Şövkani kimi bir qrup alim bu kimi hədisləri izah ediblər. Həmin izahlar qısa formada aşağıdakı kimidir:
Hədislərin əsas mövzusunu içkili, qadınlı, içərisində bir çox haram iş görülən meyxana əyləncələri (ləhv) təşkil edir. Bu da istər çalğı alətləri, istərsə digər musiqi alətlərinin haram olması, alətlərin və musiqinin özü ilə əlaqədar bir məsələ olmayıb bunlarla haram iş görülməsi səbəbinə, yaxud da haram iş görülən yerlərdə çalındıqlarına görə belədir. Deməli, bu alətlər halal və mübah əyləncələrdə içərisinə başqa bir haram qarışdırılmadan istifadə edilsə, caizdir. Amma əgər o, onunla birlikdə başqa haram işlər görülürsə, “harama səbəb olan şeyin özü də haramdır” prinsipinə əsasən caiz ola bilməz. ((Qəzzali, İhyau Ulumid-Din, VI cild, s. 142-144; İbn Hümam, Fəthul-Qədir, VI cild, s. 482; Əbdülqəni Nəblusi, İzahu-d-Dəlalat, Süleymaniyyə kitabxanası (İstanbul, Türkiyə), Esat Efendi bölməsi, nömrə: 1762/1, vərəq: 7a-b, 8a-b, 9a, 11a, 28a; İbn Abidin, Haşiyətu Rəddil-Muxtar, V cild, s. 305, 307; Şövkani, Neylul-Əvtar, VIII cild, s. 113-119; Sübki, Təkmilə, XX cild, s. 230; Rəmli, Nəhayətul-Möhtac, VIII cild, s. 298; Mühəlla, VII cild, s. 567.))
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.