Müsəlmanlar

Televizora baxmaq

Sual: Müasir dünyada televizorun böyük bir yeri var. Bir çoxumuz özünü televizora baxmaqdan saxlaya bilmir. Mən də onların biriyəm. Televizora baxmağın hökmü nədir? Dində buna necə baxılır? Yeri gəlmişkən, qeyd edim ki, bəzi film və teleseriallarda erotik səhnələr də olur. Həmin səhnələrə baxmaq günahdır? Günahdırsa, nə dərəcədə günahdır? O səhnələrə baxan zina edir?

Cavab: “Televizora baxmaq təhlükəlidir və yaxud deyil” demək olmaz. Əgər bir verilişdə milli-mənəvi dəyərlərimizə, dinimizə, əxlaq anlayışımıza və ailə ədəb-ərkanımıza zidd şeylər varsa, ona baxmaq düz deyil. Bununla yanaşı, televizora baxdıqda heç bir ibadəti keçirməmək lazımdır. Bir sözlə, televizora baxmaq namaz qılmaq və məscidə getməyə mane olmamalıdır. Bunları yerinə yetirmək şərtilə televizora baxmaq olar.

Allah Quranda buyurur:

“Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Bu, pislik edənləri gördükləri işin müqabilində cəzalandırmaq, yaxşı iş görənləri də daha yaxşısı ilə mükafatlandırmaq üçündür.

Yaxşı əməl sahibləri böyük günahlardan və fahişəlikdən (iyrənc əməllər) uzaq duranlardır. Kiçik qəbahətlər istisnadır” (Nəcm, 53/31-32).

Açıq-saçıq geyinmiş qadınlara, eləcə də erotik səhnələrə baxmaq caiz deyil.

Quranda belə deyilir:

“(Rəsulum!) Mömin kişilərə de ki, gözlərini harama dikməsinlər, namuslarını/məhrəm yerlərini qorusunlar. Çünki bu, onlar üçün daha təmiz bir rəftardır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.

Mömin qadınlara da de ki, baxışlarını yayındırsınlar və ədəb yerlərini (zinadan) qorusunlar” (Nur, 24/30-31).

Əlavə olaraq peyğəmbər (s. a. v.): “Gözün zinası baxmaqdır” (Buxari, İstizan, 12) – deyib. Bu ayə və hədis birlikdə nəzərə alındığı vaxt məlum olur ki, baxmaq zinaya yaxınlaşdıran bir ünsürdür. Bu baxımdan müsəlmanlar bu məsələdə seçici olmalıdırlar. Televizora baxarkən bu kimi qeyri-əxlaqi hallara rast gəldikdə kanalı dəyişdirmək və yaxud televizoru söndürmək lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.