Sual: Mənim 19 yaşım var. Universitetdə oxuyuram. Tez-tez çimdiyim üçün xəstələndim. Belə görünür ki, heç olmasa, bir neçə gün suya girə bilməyəcəyəm. Amma bu günlərdə cünub oldum. Görəsən, yaxşılaşana qədər cənabət qalsam, günah olar? Əks halda, xəstələnib dərsə gedə bilməməkdən qorxuram.
Cavab: Siz tez-tez yuyunduğunuza görə deyil, ola bilsin ki, çimdikdən sonra lazımi tədbirləri görmədiyiniz (qalın geyinməmək, özünü soyuğa vermək və sairə) üçün xəstələnirsiniz. Bu məsələdə ehtiyatlı olun.
Bir müsəlman ən çox (uzaq başı) bir namaz vaxtı qədər cünub (cənabət halda) qala bilər. Bundan çox gözləmək, başqa sözlə desək, qüsl almağı gecikdirmək düzgün deyil; dini cəhətdən caiz hesab olunmur.
Lakin bunu da nəzərə almaq lazımdır: Əgər çimdiyiniz vaxt sağlamlığınız pozulursa, təyəmmüm də edə bilərsiniz. Allah Təala bu məsələlərlə əlaqədar olaraq belə buyurur:
“Ey iman gətirənlər! Namaza durduğunuz vaxt üzlərinizi və dirsəklərə qədər əllərinizi yuyun. Başınıza məsh edin. Ayaqlarınızı da topuqlara qədər. Əgər cünub olmusunuzsa, yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizin biriniz ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa, su tapmasanız, pak (təmiz) torpaqla təyəmmüm edin. Ondan üzünüzə və əllərinizə sürtün. Allah sizə (dəstəmaz və qüslü əmr etməklə) bir çətinlik törətmək istəmir. Ancaq sizi arındırmaq (təmizləmək, pak etmək) və sizə olan nemətini tamamlamaq istəyir. Bəlkə, şükür edəsiniz” (Maidə, 5/6).
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.