Müsəlmanlar

Kişilər nəyə görə qadınlardan çox miras alırlar?

Sual: Qurani-Kərim mirasın bölüşdürülməsində qadına 1, kişiyə isə 2 hissə (pay) verilməyini məsləhət görür. Bunun hikməti nədir? İslam dini Quranın nazil olduğu dövrdəki ictimai quruluşa və ailə üzvlərinə (kişi, qadın) yüklədiyi məsuliyyət və öhdəliyə əsasən mirasdan pay vermişdi. Lakin indiki dövrdə, yəni, bizim dövrümüzdə ictimai quruluş, eləcə də məsuliyyət və öhdəliklər bir xeyli dəyişib. Belə olan halda, mirasdan qıza (qadın) bir hissə, oğlana (kişi) isə iki hissə verilməsi davam etməlidir? Yoxsa dəyişilən şərait, ictimai quruluş və öhdəliklərə görə hamı bərabər pay almalıdır?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, Quranın bütün hökmləri Qiyamətə qədər qüvvədədir. Qurani-Kərimdə hökmü verilmiş və nəsx edilməmiş tənzimləmələrin heç birinin tarixiliyini iddia etmək olmaz. Ayələrin hökmünü dəyişdirmək olmaz. Mirasın bölüşdürülməsi məsələsi Nisa surəsinin 11 və 12-ci ayələrində təfərrüat və təfsilatla izah edildikdən sonra aşağıdakı ayələr gəlmişdir:

“Bunlar (miras payları) Allahın qoyduğu qanunlardır (hüdudlar). Kim Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu içərisindən çaylar axan Cənnətə qoyacaq. Onlar orada əbədi qalacaqlar. Böyük qurtuluş budur”.

Kim Allah və peyğəmbərinə üsyan edib (asi olmaq) Allahın hüdudlarını aşsa, Allah onu içərisində əbədi qalacağı Cəhənnəmə daxil edər. Alçaldıcı əzab onun üçündür” (Nisa, 4/13-14).

Ayələrdən də göründüyü kimi, mirasın paylanması ilə əlaqədar tənzimləmələrin hamısı Allahın dəyişməyən qanunlarıdır. Heç kəsin həmin qanunları müxtəlif səbəblərə əsaslanma yolu ilə dəyişdirməyə ixtiyarı, haqqı və səlahiyyəti yoxdur. Hər bir mövzuda olduğu kimi, bu məsələdə də qeydsiz-şərtsiz bir təslimiyyətlə Allahın ayələrinə təslim olmaq, onları olduğu kimi qəbul etmək lazımdır.

Qardaşın (oğlan, kişi) bacıdan (qız, qadın) nəyə görə çox miras hissəsi alması məsələsinə gələk. Bunun hikməti ilə əlaqədar olaraq aşağıdakı məsələləri müəyyənləşdirmək mümkündür:

1) Kişi evləndiyi vaxt mehr verir. Qadın isə mehr alır, yəni, mehri alan tərəf qadındır. Misal üçün, biri oğlan, digəri qız olmaqla iki qardaş-bacı mirasda varis olsalar, ataları üç ev və üç yüz min manat miras qoyub getmiş olsa, evlərdən ikisi və iki yüz min manat oğlana, bir ev və yüz min manat qıza qalır. Əgər oğlan evləndiyi vaxt evlənəcəyi qadına əlli min manat mehr versə, arxada yüz əlli min manatı qalır. Qız da ərə getdiyi vaxt ərindən əlli min manat mehr alsa, onun da pulu yüz əlli milyon olur; beləcə, oğlanla qızın pullarının miqdarı bərabər hala gəlir. Oğlan arvadının yaşamağı üçün iki evdən birini ayırmalı olacaq. Qız isə ərinin təmin etdiyi evdə yaşayacaq. Beləliklə, həm qardaşın (oğlan), həm də bacının (qız) əlində kirayəyə vermək üçün bir evləri olacaq və bu baxımdan da bir-biri ilə bərabər səviyyəyə gələcəklər.

Təbii ki, bu misal bütün hallarda qüvvədə ola bilməz, amma məsələ barəsində müqayisə aparmaq imkanı yaradır.

Arvadla ərin də miras hissələri bərabər deyil. Nisa surəsinin 12-ci ayəsində belə deyilir:

“Əgər ölmüş qadınlarınızın uşaqları yoxdursa, onların qoyub getdiklərinin yarısı sizindir. Uşaqları varsa, onda qoyub getdiklərinin etdikləri vəsiyyəti və ya borcu çıxdıqdan sonra dörddə biri sizindir. Sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borc çıxıldıqdan sonra qoyub getdiklərinizin dörddə biri arvadlarınızındır.  Övladınız varsa, qoyub getdiklərinizin səkkizdə biri onlarındır”.

Nəzərə alsaq ki, evlilik qadına heç bir maddi məsuliyyət və öhdəlik yükləmir və bütün yük kişinin üzərinə düşür, bu bölüşdürmə-paylaşdırmanın yerli-yerində olduğunu görərik. Çünki qadının öz malından və qazancından bircə qəpiyini də ailənin büdcəsinə vermək, öz ehtiyaclarını və ya uşaqlarının ehtiyaclarını ödəmək üçün nəsə xərcləmək kimi bir məsuliyyəti yoxdur. Beləliklə, ailənin daxilində mal-mülk tarazlığı kişinin əleyhinə pozulur. Kişinin mirasdan aldığı artıq hissə isə bu tarazlığı bir növ bərpa edir.

2) Kişi öz arvadı, eləcə də uşaqları qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyi vaxt rahat və gümrah olur. Çünki özünün mirasdan daha çox hissə alması ona məsuliyyətini xatırladır.

3) Kişinin maddi vəziyyətinin arvadının maddi vəziyyətindən yaxşı olması onun ailə daxilindəki mövqeyini möhkəmləndirir. Çünki arvadı və uşaqları üçün pul xərcləyə bilməyən, daha doğrusu, onların ehtiyaclarını ödəyə bilməyən bir kişi onların qarşısında xəcalət çəkir və ailə başçılığını layiqincə yerinə yetirə bilmir. Bu vəziyyət isə ailənin güzəranına kökündən zərbə vurur. Müşahidələr göstərir ki, arvadın varlı, ərin kasıb olduğu ailələrdə qalmaqal olur. Uşaqlar belə ailələrdə yaxşı böyümürlər və qadın da özünü xoşbəxt hiss edə bilmir.