Müsəlmanlar

Namazda İbrahim peyğəmbərə niyə dua edirik?

Sual: İbrahim peyğəmbərin namazlarımıza rəsul vasitəsilə daxil olmağı nə deməkdir? Nə üçün başqa bir peyğəmbər deyil, məhz İbrahim peyğəmbər? Peyğəmbərimiz bu duaları oxuduğu vaxt “barik” ifadəsi ilə nə demək istəyib? O, bu duanı həm özü üçün edib, həm də İbrahim peyğəmbər üçün. Görəsən, nə üçün?

Qurani-Kərimdə tez-tez İbrahim peyğəmbərin qissəsinə (hekayət, əhvalat) yer verilir. Allah Təala bir çox ayədə peyğəmbərimizə: “İbrahimin dininə tabe ol”, – deyə əmr verir. Eyni əmr digər müsəlmanlara, Məkkəli müşriklərə, yəhudilərə və xristianlara da verilmişdir. Çünki bu üç zümrənin hamısı özlərini İbrahim peyğəmbərə mənsub hesab edir və onu yüksək qiymətləndirirlər. İbrahim peyğəmbər bu baxımdan digər peyğəmbərlərdən fərqlidir. O, peyğəmbərlərin atası kimi də tanınır. Peyğəmbərimizin namazda ona dua edib salavat göndərməyinin səbəbi bu ola bilər.

Əlavə olaraq, Quranda İbrahim peyğəmbərin aşağıdakı duasına yer ayrılıb:

“(Rəbbim!) Mənə sonrakıların məni yaxşı yad etməyini qismət et” (Şüəra, 26/84).

Namazlarımızda ona da salavat göndərilməyini və bərəkət arzu olunmağını bu duanın qəbulu hesab etmək mümkündür.

“Barik” ifadəsi “bərəkət ver” mənası daşıyır. Bərəkət isə çoxalmaq və artmaq deməkdir. İbrahim peyğəmbərə bərəkət arzu etmək, maddi və mənəvi cəhətlərdən onun özünün və mömin zürriyətinin Allahın nemətlərindən çox istifadə etməyini və adının Qiyamətə qədər qalıcı saxlanmağını, eləcə də onun daima mədh edilməsini, xeyrinin və yaxşılığının yada salınmasını Allahdan diləmək deməkdir. Bir Quran ayəsində belə deyilir:

“İnsanların arasında İbrahimə ən yaxın olanlar ona tabe olanlar, bu peyğəmbər və bu peyğəmbərə iman gətirənlərdir. Allah möminlərin dostudur” (Ali-İmran, 3/68).

Ayədən də məlum olduğu kimi, İbrahim peyğəmbərə ən yaxın olanlardan biri də bizim peyğəmbərimizdir, yəni, Muhəmməd əleyhissəlam-dır. Onun namazlarda İbrahim peyğəmbərə dua etməyinin və bizdən dua etməyimizi istəməyinin bir səbəbi də bu yaxınlıq ola bilər.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.