Müsəlmanlar
Yiyəsindən icazə almamış simsiz internet işlətmək olar?

Yiyəsindən icazə almamış simsiz internet işlətmək olar?

Sual: Noutbuk və simsiz internetə daxil olabilmə xüsusiyyətinə malik digər kompyüter və cihazlarla internetə giririk. Simsiz internet əlaqəsinin sahibi əgər istəsə, başqalarının onun internetindən istifadəsinin qarşısını almaq üçün şifrə (parol, məxfi söz, rəqəm və ifadələr) qoyur. Mən belə hesab edirəm ki, simsiz internetinə parol qoymayanlar əslində başqalarının da onların internetindən istifadəsinə icazə verirlər. Buna baxmayaraq mən belə bir sual soruşmaq ehtiyacı hiss edirəm: Bu məsələ dini cəhətdən necə qiymətləndirilir?

Cavab: Bir insanın malını onun icazəsini almadan istifadə etmək dini cəhətdən düzgün deyil.

Simsiz internetə ((İngiliscə: Wireless Internet Connection” və ya qısa formada Wireless”; Rusca: “Беспроводной интернет” və ya qısaca “Беспроводной”. Bu ifadələr Azərbaycan dilinə adətən “simsiz internet”“kabelsiz internet” kimi tərcümə olunur.)) parol qoymaq mümkün olduğu halda qoymamaq ondan hamı tərəfindən icazəsiz istifadə üçün açıq qapı kimi qiymətləndirilməməlidir. Başqa sözlə desək, əgər kimsə öz internetinə şifrə qoymayıbsa, bu o demək deyil ki, ondan icazəsiz istifadə etmək olar.

Nəzərə almaq lazımdır ki, internetin yiyəsi parol qoymağı bacarmaya bilər. Əlavə olaraq onun internetindən istifadə etmək internetin sürətinə də mənfi təsir göstərir.

Onun interneti traffikə əsaslanan limitli (kvota ilə işləyən) internet də ola bilər; bu halda başqalarının istifadəsi kvotanın dolmasına səbəb olur. Bu da öz növbəsində internetin sahibinə maddi zərər vurmaq deməkdir.

Bütün bunları nəzərə aldığımız vaxt belə bir nəticə hasil olur: Simsiz interneti sahibindən icazə almamış istifadə etmək düzgün deyil. Əgər sahibini tanımırsınızsa və ya müəyyən edə bilmirsinizsə, o halda həmin internet əlaqəsindən istifadə etməməlisiniz. Siz də adi qayda üzrə ödənişli internetdən istifadə etməlisiniz.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.