Müsəlmanlar
İmanın zəifliyi, namazdan soyumaq və namaz qıla bilməmək

İmanın zəifliyi, namazdan soyumaq və namaz qıla bilməmək

Sual: Mənim 36 yaşım var. İki dəfə Həccə getmişəm. Amma hələ namaz qılmıram. Qəlbim yumşalmır. Necə deyərlər, ürəyim daş kimidir. Çox şübhələnirəm ki, mənim imanım zəifdir. Mənə mənim ürəyimi yumşalda bilən, imanımı qüvvətləndirən və məni namaz qılmağa başladan bir öyüd-nəsihət verərsinizmi? Mənə bir dua öyrədib yol göstərə bilərsiniz? Mən hədsiz dərəcədə ziddiyyət içərisindəyəm. Məndə namaza qarşı daxilən soyuqluq baş qaldırır. Özümdə namaz qılmaq üçün lazımi səmimiyyəti hiss edə bilmirəm. Namaz qıldığım vaxt da elə olur ki, sanki bunu bir işmiş kimi görürəm. Mənə elə gəlir ki, bu minvalla özümü və Allahı aldadıram və namazdan soyuyuram. Sizin mənə kömək etməyiniz mümkündür?

Cavab: Şeytan Allahın hüzurundan qovulub Qiyamət gününə qədər yaşamaq icazəsi aldıqda Allaha belə demişdi:

“Mən nə olursa olsun, onlardan ötrü sənin haqq yolunun üstündə oturacağam. Sonra onların önlərindən, arxalarından, sağlarından və sollarından gələcəyəm. Görəcəksən, onların çoxu sənə təşəkkür etməyəcək” (Əraf, 7/16-17).

Buradan belə bir qənaətə gəlmək olar ki, siz Allahın rizasına müvafiq bir iş görmək istədiyiniz vaxt şeytan mütləq bir şey etməyə cəhd göstərəcək. Nəticədə sizdə daxilən hər cür şübhə baş qaldıracaq, sizə elə gələcək ki, siz kafirsiniz və axırda: “Belə namaz olmaz!”, – deyib namaz qılmağı buraxacaqsınız. Şeytanın istədiyi şey də elə budur.

Əslində isə sizin ağlınıza belə şeylər gəlirsə, bu o deməkdir ki, siz şeytanı necə deyərlər, artıq “narahat etmisiniz” və elə bunun özü də sizin düzgün yolda olduğunuzu göstərir.

Siz nəyin bahasına olursa olsun, ibadətlərinizi yerinə yetirməyə davam etməlisiniz. Çünki biz rahatlıq tapmaq üçün deyil, ilk növbədə Allahın buyuruğunu yerinə yetirmək üçün ibadət edirik. Vaxt keçdikcə şeytanın sizdən ümidi kəsiləcək və ibadətlərinizdən zövq duymağa başlayacaqsınız. Lakin o heç bir vaxt sizin yaxanızı buraxmayacaq. Bunu əsla yaddan çıxarmayın. Buna görə də dərhal Allahın buyuruğunu yerinə yetirməyə başlayın.

Allah xeyirli işlərinizdə köməyiniz olsun.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.