Sual: Mənim atam çox tərs bir adamdır. Qohum-əqrəbadan heç kəslə yola getmir. Onların çoxu ilə küsüşüb. Heç kimi danışdırmır. Hətta öz oğlu ilə belə, danışmır. Bizi də küsdüyü adamlarla danışmağa qoymur. Bayramları tək-tənha keçiririk. Nə bizə kimsə gəlir, nə də biz gedirik. Mən istəyirəm ki, atam müsəlmanlığı doğru-düzgün yaşasın və hamı ilə yaxşı rəftar etsin. İstəmirəm ki, ailəmiz kiminləsə küsülü qalsın. Atam bizə xəbərdarlıq edir ki, əgər qohumlarımızla görüşsək, haqqını bizə halal etməyəcək. Mən bu məsələdə nə edə bilərəm? Xahiş edirəm, mənə kömək edin. Atam bu problemdən necə xilas ola bilər?
Cavab: Atanıza qohum-əqrəba ilə yaxşı rəftar etməyi məsləhət görən Quran ayələrini deyin. Allah və peyğəmbərin bu məsələyə nə qədər böyük əhəmiyyət verdiyini izah etməyə çalışın. Əgər özü oxuyub yazmağı bacarırsa, qoyun, ayələri özü oxusun. Yox, əgər bacarmırsa, şəxsən siz ona oxuyun, o da qulaq assın. Əlavə olaraq, əgər atanızın fikirlərini bəyəndiyi bir din xadimi varsa, onun yanına gedin ki, vəziyyəti həmin adam da başa salsın. Bütün bunlara baxmayaraq belə davranışlarına davam etsə, siz yenə də atanızın xətrinə dəyməyin. Amma qohum-əqrəbanızla əlaqənizi qətiyyən kəsməyin. O istəməsə də, siz onlarla görüşün. Bu məsələdə atanızın: “Atalıq haqqımı sizə halal etmirəm, halallıq vermirəm” deməyə ixtiyarı yoxdur. Çünki Allahın əmr etdiyi bir şeyi qadağan etməyə heç kəsin haqqı yoxdur. Quranda bunlarla əlaqədar olaraq belə deyilir:
“Ey insan övladı! Anan və atan səni kor-koranə surətdə Mənə şərik qoşmağın üçün məcbur etsələr, onlara itaət etmə. Dünya işlərində onlarla yaxşı rəftar et. Mənə üz tutan kəsin yoluna tabe ol. Axırda Mənə dönəcəksiniz. O vaxt etdiklərinizi sizə bildirəcəyəm” (Luqman, 31/15).
“Adını çəkərək bir-birinizdən nəsə istədiyiniz Allaha qarşı çıxmaqdan uzaq durun və qohumluq əlaqələrini kəsməkdən çəkinin!” (Nisa, 4/1).
“Allaha ibadət edin, Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı dosta-yoldaşa, yol üstündə olana və sizə xidmət edən kəslərə yaxşılıq edin. Allah əlbəttə, özünü bəyənib lovğalıq edənləri sevməz” (Nisa, 4/36).
“Qohum-əqrəbaya, miskinə və müsafirə – yol üstündə olana haqqını ver. Əlində-ovcunda olanı əbəs yerə sağa-sola səpələmə!” (İsra, 17/26).
Peyğəmbərimiz kimə yaxşlıq etməli olduğunu soruşan bir əshabəyə cavab olaraq belə demişdir:
“Anana, atana, bacına, qardaşına və onlardan dünyaya gələn qohumlarına yaxşılıq etmək sənin borcundur” (Buxari, Ədəb, 25).
Peyğəmbərimizin digər bir hədisində isə belə buyurulur:
“Allaha və axirət gününə iman gətirən kəs qonağına ikram etsin (onu qonaq etsin, xoş üz göstərsin). Allaha və axirət gününə iman gətirən kəs qohum-əqrəbasına yaxşılıq etsin. Allaha və axirət gününə iman gətirən kəs yaxşı söz danışsın və ya sussun!” (Buxari, Ədəb, 85; Müslim, İman, 74, 75).
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.