Müsəlmanlar
Əgər bir insan həkimdirsə, ən yaxşı həkim olmağa çalışmalıdır?

Əgər bir insan həkimdirsə, ən yaxşı həkim olmağa çalışmalıdır?

Sual: Biz gördüyümüz dünya işlərində ən yüksək səviyyəyə çatmalıyıq? Bunun üçün çalışmalıyıq? Misal üçün, əgər bizim peşəmiz həkimlikdirsə, çalışmalıyıq ki, dünya miqyasında ən yaxşı həkim olaq? Bunun üçün etdiyimiz cidd-cəhdin Allah məqamında bir qiyməti var? Varsa, nədən ibarətdir?

Cavab: Gördüyümüz iş dinə zidd bir cəhəti olmamaq şərti ilə nə olursa olsun, o işin ən mühüm mütəxəssisi olmağımız lazımdır. Qurani-Kərimin bir ayəsində belə deyilir:

“De: “Mənim duam, ibadətim, yaşamağım və ölümüm varlıqların sahibi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən belə buyuruq aldım. Mən müsəlmanların ən qabaqda olanıyam” (Ənam, 6/162-163).

Bu ayəyə əsasən hər bir müsəlman iman, ibadət və iş məsələlərində, eləcə də, ailə həyatında, ictimai həyatda, qısa desək, bütün sahələrdə necə deyərlər, birinci yeri tutmalıdır.

Allah Təala Quranın bir neçə ayəsində xeyirli (faydalı) işlərdə yarışmağı əmr etmiş (Ali-İmran, 3/133; Maidə, 5/48; Hədid, 57/21) və bu yarışda fəal olan bəndələrindən bir növ fəxrlə bəhs etmişdir (Ali-İmran, 3/114; Ənbiya, 21/90). Allah həmin bəndələrinə bu cür dua etməyi tövsiyə etmişdir:

“Və o bəndələr: “Ey Rəbbimiz, bizə gözümüzü açacaq həyat yoldaşları və oğul-uşaqlar bağışla. Və bizi təqva sahiblərinə rəhbər et”, – deyərlər” (Furqan, 25/74).

Yarış və müsabiqələr bir yer tutmaq, daha doğrusu, əslində birinci yeri tutmaq üçün keçirilir. Müsəlmanın gördüyü hər iş faydalı olmalıdır. Ona görə də hər sahədə birinci olmaq müsəlmanın vacib bir məqsədinə çevrilməlidir.

Şəddad ibn Övsdən nəql olunan bir rəvayətə əsasən peyğəmbərimiz (s. a. v.) belə buyurub:

“Allah Təala hər şeydə yaxşılıq və gözəlliyi (ehsan) əmr edib. Elə isə öldürülməyə layiq olan bir şəxsi öldürdüyünüz vaxt öldürməyi belə, yaxşı qaydada həyata keçirin. Əgər heyvan kəssəniz, onu yaxşı qaydada kəsin. Bıçağınızı itiləyin və heyvana əziyyət verməyin. Onu rahat kəsin” (Müslim, Sayd (Ov), 57; İbn Macə, Zəbaih, 3; Əbu Davud, Ədahi (Qurbanlar), 11; Tirmizi, Diyat, 14; Nəsai, Dəhaya, 22, 26, 37; Əhməd ibn Hənbəl, 4/123, 124, 125).

Döyüş meydanında düşmənini öldürdüyü vaxt və yaxud heyvan kəsdiyi zaman belə, bunları ən yaxşı qaydada həyata keçirməyi məsləhət görən bir dinin həmin dinə mənsub olanların qarşısında həyatın bütün sahələrində birinci olmaqlarını məqsəd qoymasından təbii bir şey ola bilər?

Əlavə olaraq dində belə bir qayda da var. Beli ki, bizə digər dinlərin mənsubu olan insanlarla da bu məsələdə yarışmağımız deyilir. Quranda bu barədə belə buyurulur:

“Hər kəsin bir məqsədi var; O, öz məqsədinə tərəf gedir. Siz yaxşılıqlarda yarışın. Harada olursunuzsa, olun, Allah sizi bir yerə cəm edəcək. Allah hər şeyə bir ölçü qoyandır” (Bəqərə, 2/148)

Dünya malı qazandıqda əsl məqsəd möhtac olanlara daha çox kömək göstərmək olmalıdır. Allah Təala bu kimi şəxslərin öz umduqlarını tapacaqlarını bildirir:

“Onlar (umduqlarını tapanlar, arzu etdiklərinə qovuşanlar) zəkat üçün çalışanlardır” (Muminun, 23/4).

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.