Müsəlmanlar

Radio və televizordan Qurana qulaq asmaq onu xətm etmək hesab edilir?

Sual: Qurani-Kərimə televizor, radio, CD, VCD, DVD və sairədən qulaq asmaq dini cəhətdən necə qiymətləndirilir? Bunun bir savabı var? Qurana bu vasitələrlə qulaq asmaq onu xətm etməyin, yəni, başdan axıradək oxuyub bitirməyin əvəzini verir? Qurana qulaq asanda təhiyyatdakı kimi oturmaq lazımdır?

Cavab: Quranı oxuyanlar oxumaq savabı, dinləyənlər isə qulaq asmağa görə savab qazanırlar. Lakin Quran oxumaq məsələsində əsas meyyar, onu başa düşmədən oxumaq deyil, bilavasitə onu anlamaq və həyata keçirməyə çalışmaq tutur. Qurana bu cür yanaşanlar çox savab qazanırlar. Əgər siz Qurana bir kaset, yaxud diskdən qulaq asırsınızsa, məal-tərcüməsi olanlara qulaq asmağa çalışın. Yəni, əvvəlcə Ərəbcə orijinaldan, sonra da Azərbaycan dilinə tərcüməsini dinləyin. Belə etdikdə yavaş-yavaş olsa da, Quranı başa düşməyə başlayacaqsınız.

Qurana qulaq asdıqda təhiyyatda olduğu kimi oturmaq lazım deyil. Əsas odur ki, Qurana qulaq asdığınız vaxt başqa bir şeylə məşğul olmayasınız. Əgər Qurana qulaq asırsınızsa, diqqətinizi oxunan ayələrə cəmləşdirməlisiniz.

Allah Təala Quranda belə buyurur:

“Quran oxunduğu zaman ona qulaq asın və susun. Bəlkə, sizə mərhəmət edilsin”. ((Əraf, 7/204.))

Bu məsələlərlə əlaqədar geniş məlumat üçün aşağıdakı keçidlərə də nəzər yetirə bilərsiniz:

http://www.muselmanlar.com/xususi-kateqoriyalar/ramazan/874.html