Müsəlmanlar
İnsan nə isə yarada bilər?

İnsan nə isə yarada bilər?

Sual: Azərbaycan dilində “yaratmaq” sözü var. Bu söz son vaxtlarda çox işlədilir. Misal üçün, müxtəlif fəaliyyət sahələrindən danışarkən belə deyilir: “Filankəs qalmaqal yaratdı”, “Filan rəssam, memar, heykəltəraş, usta, mühəndis və sairə filan əsəri yaradıb”, “Filan yazıçı, şair, dramaturq və sairə çox gözəl bir əsər yaradıb”. Bir insan bu sözü hansı mənada olursa olsun, işlədə bilərmi? Əgər işlədə bilərsə, hansı mənada? Məgər “yaratmaq” ancaq Allaha məxsus deyil?

Cavab: Əgər insanlar bu sözü yoxdan var etmək (yaratmaq, ərsəyə gətirmək) mənasında yox, mövcud olana təzədən forma vermək (formalaşdırmaq) mənasında işlətsələr, bunun dini baxımdan bir eybi olmaz. Çünki Allahdan başqa heç kəs yoxdan var çıxarda bilməz. Hər şeyi yaradan Allahdır. İnsanlar ancaq mövcud olanı kəşf edir, icad edir və onu təzədən formaya salırlar.  “Yaratmaq” feli Qurani-Kərimdə mövcud olana forma vermək mənasında İsa peyğəmbər (ə. s.) haqqında işlədilib. Əlaqədar ayə belədir:

“İsa elçi sifəti ilə gələcək və belə deyəcək: “Mən sizin yanınıza Rəbbinizin möcüzəsi ilə gəldim. Sizin üçün palçıqdan bir quş heykəli düzəldəcəyəm (yaradacağam). Sonra ona üfürəcəyəm. O da Allahın izni ilə bir quşa çevriləcək. Anadangəlmə kor və cüzam xəstəliyinə tutulanları sağaldacağam. Allahın izni ilə ölüləri dirildəcəyəm. Evlərinizdə nə yediyinizi və nə yığdığınızı (saxladığınızı) sizə bildirəcəyəm. Əgər inansanız, bu, sizin üçün bütöv bir əlamət (möcüzə) olacaq (Ali-İmran), 3/49).

Əlavə olaraq qeyd edək ki, Muminun surəsinin 14-cü ayəsi və Saffat surəsinin 125-ci ayələrində “Allah yaradanların ən gözəlidir” ifadəsi işlədilib. Bu ayələrdə də “xəlq etmək, yaratmaq” sözləri “mövcud olana yeni bir forma vermək” mənasında istifadə edilib.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.