Sual: İnsanlar İslamdan qabaq necə salamlaşırdılar? İslamdan sonra nə baş verdi? Səhv etmirəmsə, müsəlmanlar bir-birinə salam verərkən “salam əleyküm” deyirlər. Bu məsələyə dair qəti bir dəlil var? Hər cəmiyyətin özünə məxsus salamlaşma formaları mövcuddur. Belə çıxır ki, o salamlama ifadələrini bir kənara qoyub “salam əleyküm” demək lazımdır? Salam hansı dildə və cəmiyyətdə olub olmamasından asılı olmayaraq salamlama ifadələri və yaxud hərəkətləri vasitəsilə tərəf-müqabil və həmsöhbətə öz xoş arzularını bildirmək deməkdir. Bizim cəmiyyətimizdə “sabahın xeyir”, “hər vaxtın xeyir”, “günaydın” və sairə kimi ifadələrin müsəlmanlar tərəfindən yaxşı qarşılanmamasının səbəbi nədir? “Salam əleyküm” ifadəsinə qarşı olduğuna görə?
Cavab: Salam cümlələri Qurani-Kərimdə “salamun əleyküm” formasında ifadə olunur və 6 ayrı ayədə öz əksini tapıb. Lakin aşağıdakı ayədə göstərildiyi kimi sadəcə olaraq “salam” demək də düzgündür:
“And olsun ki, elçilərimiz (mələklər) İbrahimə müjdə gətirdilər və: “Salam”, – dedilər. O da: “(Sizə də) salam”, – dedi və dərhal qızardılmış bir buzov gətirdi” (Hud, 11/69).
Həzrəti peyğəmbər Allaha and içərək başladığı bir hədisdə: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman edə bilməzsiniz” dedikdən sonra yanındakılara bildirib ki, ancaq və ancaq salamlaşaraq öz aranızda sevgi telləri qura bilərsiniz ((Müslim, İman, 93; İbn Macə, Ədəb, 11))
Salam vermək mühüm bir rəftardır. Məhz buna görə Qurani-Kərimdə:
“Öz evlərinizdən başqa evlərə icazə almamış və həmin evin sakinlərinə salam vermədən girməyin”, -buyurulub (Nur, 24/27).
Başqa bir ayədə isə əmr olunur ki, salama daha gözəl bir salamla və ya eyni qaydada cavab verin (Nisa, 4/86). Bundan əlavə, Quranda hidayətə çatanlara (Taha, 20/47), Allahın seçkin bəndələrinə (Nəml, 27/59), bütün peyğəmbərlərə (Saffat, 37/81) və adları çəkilməklə bəzi peyğəmbərlərə (Saffat, 37/79, 109, 120, 130) salam verən ayələr də mövcuddur. Həmçinin Quranda bildirilib ki, cənnətdəki insanlar bir-birinə salam verəcək və mələklər möminləri salamlayacaq (Əraf, 7/46; Rəd, 13/23; Nəhl, 16/32; Zumər, 39/73). ((Mustafa Çağrıcı, A. Saim Kılavuz, İ. Kafi Dönməz, “Selam” bəndi, İslamda İnanç, İbadet və Günlük Yaşayış Ansiklopedisi, elmi məsləhətçi İbrahim Kafi Dönməz, İfav nəşriyyatı, İstanbul, 1997-ci il, 4-cü cild, səhifə 101))
Salamla əlaqədar bəzi hədislər aşağıdakı kimidir:
Əbu Hüreyrədən (r. a.) rəvayət olunduğuna görə peyğəmbər (s. a. v.) belə buyurmuşdur:
“Allah Təala Adəm peyğəmbəri yaratdıqda ona: “Get, o oturan mələklərə salam ver və sənin salamına necə cavab verəcəklərinə diqqətlə bax. Çünki sənin və uşaqlarının salamı o olacaq”, – deyə buyurdu.
Adəm peyğəmbər mələklərə: “Əs-Salamu əleyküm!” , – dedi.
Mələklər: “Əs-Salamu əleykə və rəhmətullah”, – deyə cavab verdilər. Onun salamına “və rəhmətullah” ifadəsini əlavə etdilər”. ((Buxari, Ənbiya, 1; İstizan, 1; Müslim, Cənnət, 28))
İmran ibn Husayn (r. a.) belə demişdir:
“Peyğəmbərin yanına bir adam gəldi və belə dedi:
“Əs-Salamu əleyküm”.
Həzrəti peyğəmbər onun salamını eyni formada aldıqdan sonra həmin adam oturdu. Peyğəmbər: “On savab qazandı”, – deyə buyurdu.
Sonra başqa bir adam da gəldi. O da: “Əs-Salamu əleyküm və rəhmətullah”, – dedi. Peyğəmbərimiz onun salamını da eyni qaydada aldı. Həmin adam da oturdu. Həzrəti peyğəmbər: “İyirmi savab qazandı”, – dedi.
Sonra başqa bir adam gəldi və: “Əs-Salamu əleyküm və rəhmətullah”, – dedi. Həzrəti peyğəmbər ona da öz salamına müvafiq qaydada cavab verdi. O da öz yerində oturdu. Peyğəmbərimiz: “Otuz savab qazandı”, – dedi”. ((Əbu Davud, Ədəb, 132; Tirmizi, İstizan, 2))
Yuxarıdakı ayə və hədislərdən çıxan nəticəyə əsasən İslam dini baxımından salamlaşmaq bu cür olur. Bu bir növ bir danışıq etiketidir, ədəb və tərbiyədən xəbər verir. Lakin hamını buna məcbur etməkdən söhbət belə gedə blməz.
Sizə “sabahın xeyir” deyən insana siz də eyni cür cavab verə bilərsiniz. “Sabahın xeyir” demək bir diləkdən ibarətdir. Salamlaşdıqdan sonra bu cür xoş diləkləri ifadə etmək yaxşı davranışdır. Amma bu cür ifadələri bir ibadət olan “salam” ifadəsinin alternativi kimi qəbul etmək və istifadə etmək düzgün deyil.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.