Sual: “Allahdan gəldik, Allaha qayıdacağıq” ayəsini necə başa düşmək lazımdır? Məgər Allah hal-hazırda başqa bir yerdədir və biz öldüyümüz vaxt ona qovuşacağıq?
Cavab: Sualınızda qeyd etdiyiniz Quran ayəsi aşağıdakı kimidir:
“Onlar başlarına bir müsibət gəldiyi vaxt belə deyərlər: “Biz Allaha məxsusuq (Onsuz da) Ona qayıdacağıq (qovuşacağıq)” (Bəqərə, 2/156).
Böyük İslam alimi Fəxrəddin Razi bu ayəni izah edərkən belə deyir:
“Ayənin “Biz Allaha məxsusuq” hissəsi bizim Allahın sərəncamında olduğumuzu bir növ etiraf etmək deməkdir. “Onsuz da Ona qovuşacağıq” hissəsi isə bizim öləcəyimizi və fani olduğumuzu iqrar etmək deməkdir.
Allaha qayıtmaq yer (məkan) və yaxud cəhətə (tərəf, yön) keçmək demək deyil. Çünki bu, Allah haqqında qeyri-mümkündür. Daha doğrusu, burada nəzərdə tutulan fikir belə bir məna daşıyır: Bəndə Allahdan başqa heç kəsin hökm sahibi olmadığı bir yerə (mövqe) qovuşacaq. Bu da öz növbəsində axirətdir. Çünki o vaxt heç kəs onlara nə bir xeyir verə biləcək, nə də bir ziyan yaxud zərəri dəf edə biləcək. Amma dünyada olduqları müddət ərzində zahiri görünüşə əsasən Allahın xaricindəki varlıqlar onlara xeyir və zərər verə bilər. Allah Təala məhz bunu Özünə yönəlmiş bir rücu (dönüş, qayıdış) kimi qəbul edib. Əlavə olaraq qeyd edək ki, Ərəb dilində belə bir ifadə var: “Məlik (hökmdar, dövlət başçısı) və dövlətə qayıdılır (müraciət edilir)”. Burada nəzərdə tutulan şey “ona qayıdılır, onun yanına gedilir” demək deyil. Əksinə, “onun güc-qüdrətindən istifadə məqsədilə ona müraciət edilir, problem ona bildirilir” deməkdir”.
Fəxrəddin Razi Bəqərə surəsinin buna oxşayan bir fikir əhatə edən 46-cı ayəsinin təfsirində belə deyir:
“Allaha qayıtmaq insanların Allahdan başqa bir maliki olmadığı, Ondan başqa heç kəsin insanlara hər hansı bir xeyir və ya ziyan verə bilmədiyi bir yerə qayıtmaq deməkdir. Çünki onlar ilk yaradılış vaxtı da elə idilər. Beləliklə, onların ilk yaradılışdakı hala qaytarılmaları Allaha rücu etmək kimi qəbul olunub. Çünki Allah həyatda olduqları müddət ərzində onların bütün hallarda sahibi olsa da, Allahdan başqa varlıqlar da hökm verir və onlara zahiri baxımdan zərər və ya xeyir verə bilirdi”.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.