Müsəlmanlar

EŞQ və MƏHƏBBƏT. Aralarındakı Fərq.

EŞQ və MƏHƏBBƏT

 

Kəlmələr, insan şəxsiyyətinin əsasını təşkil edən cövhərlərdir. Onları qorumaq, haqqını vermək və yerli-yerində işlətmək lazımdır. Çünki kimliyimiz, dəyərimiz, müdrikliyimiz, yaxşı-pis, əxlaqlı ya da əxlaqsız olmağımız onlarla müəyyən edilir. Uca Rəbbimiz bizi kəlmələrlə imtahan etməkdədir. Əgər kəlmələrin haqqını verərsək; mələkləri belə heyrətləndirir, İblisi isə pərişan edərik.

Bu təmənni ilə növbəti araşdırmamızı sizə təqdim edir, “eşq və məhəbbət” kəlmələrinə toxunmaq surətiylə bu ikisi arasındaki fərqlərə işarət etmək istəyirik: Nədir eşq, nədir məhəbbət?

Eşq sözü “sarılmaq, dolaşmaq, yapışmaq” mənalarına gəlir. Daha çox iki cins arasındakı cinsi münasibəti bildirir. Aşiq, məşuqundan murad almaq üçün şəhvətinin şiddətinə qapılandır. Eşqdə qərəz, qarşılıq var. Şəhvətə bağlıdır. Şəhvət olmazsa, eşq olmaz.[1]

İnsan eşqindən ölə bilər və məşuqunu da öldürə bilər. Məsələn; Aşiq, öz eşqinə qovuşmadığı təqdirdə ya da məşuqunu başqası ilə görərsə, onu öldürə bilir.

Ancaq məhəbbətin sahəsi eşqdən fərqli olaraq çox genişdir və ülvidir.[2] Eşq sadəcə cinsi əlaqədə, məhəbbət isə insanın bağlı olduğu, sevdiyi, onu əlaqədar etdiyi hər şeydə ola bilir. Elə bu səbəbdən məhəbbətin təməli olan “حب/hab” sözü bir şeyin “çərdəyi, toxumu” anlamında da işlədilir. Onu bu anlamda Qurani Kərimin bir çox ayəsində görə bilərsiz.[3]

Məhəbbət, çox vaxtı qarşılıq, qərəz gözləmir və şəhvətlə bağı olmaz. Onu hər deyən öldürmək də olmur. Məsələn; İnsanın vətəninə, yaxınlarına, ananın övladına məhəbbəti belədir.

Eşq çox vaxtı yaxşı olmayan işlərlə, qarşılığı olmayan şeylərlə sönər ama məhəbbət belə deyil. O, çox vaxt təbiidir. Eşq kimi sonradan qazanılan məhəbbətdə belə bir doğmalıq vardır. Qarşılığı olmasa da itmir. Ona görə də eşq anında ölə bilir amma məhəbbət hər deyən ölməz.

Bu səbəblə, bu iki kəlmənin fərqini yaxşı bilməli və hər birini öz yerində işlətməyi bacarmalıyıq. Çünki kəlmələrin mədəni-ictimai həyatımıza, dinimizə, əxlaqımıza və şəxsiyyətimizin formalaşmasına böyük təsiri vardır.

Keçmişdən günümüzə gələn bir çox əsərlərdə çox vaxt eşq və məhəbbət kəlmələri yerli yerində ifadə edilmədiyi üçün, -xüsusi ilə eşqi məhəbbətə şamil etmələri- həm dinə həm də ədəbiyyata böyük xəsarətlər verildiyinə şahid olmaqdayıq.

Eşq kəlməsi ərəbcə olmasına baxmayaraq nə Qurani Kərimdə, nə peyğəmbərimizin səhih hədislərində keçməməkdədir. İslam alimlərinin də demək olar ki hamısı Allahla bəndəsi arasında və ya iki eyni cins arasında olan məhəbbəti, eşq kəlməsi ilə ifadə etməmişlər. Buna təşəbbüs edənlərə də hakimlər bəzən haqlı olaraq, ya öyüd-nəsihətlə ya da sürgün və başqa cəzalar verməklə qarşılıq vermişlər.

Eşq kəlməsini daha çox ədəbi əsərlərdə, şairlərin şeirlərində və sufilərin mənkibələrində görməkdəyik. Hər nə qədər Qurani Kərimdə və peyğəmbərimizin hədislərində eşq kəlməsinə rastlanmasa da xüsusi ilə süfilərin və mey məclislərini tərənnüm edən şairlərin dilindən düşməyən bir kəlmə olmuşdur.

Süfilər, eşqi, ilahi məhəbbətə bir keçiş qapısı olaraq görmüşlər. Elə təhrif də bu yanlış qapıdan girməklə başlamışdır. Yuxarıda da göstərildiyi kimi, məhəbbət başqa bir şey, eşq başqa bir şeydir. Eşq, sufilərdə də birinin qarşı tərəfə qovuşma, onunla birlikdə olma (böyük ölçüdə sevgi və cinsi əlaqə) hirsidir.[4] Təriqət kitablarının bir çoxunda eşq kəlməsini Allaha qovuşmaq (!), Ona olan sevgini tərənnüm etmək, hətta şərik qoşmaq və dini təhrif etmək məqsədi ilə seçilən kəlmələrin başında görməkdəyik. Eyni ilə Xristianlıqdakı təhrif yolu da bu cür olmuşdur. Xristian din xadimlərinin “İsa eşqi”, onları Allahın oğlu olduğu inancına gətirib çıxartmışdır.

Hind Nirvana mistsizmindən bəslənmiş Vəhdəti-Vucud və ya Hulul inancına sahib sufilər, İlahi eşqin anlamını Kainatdakı hər şeyin ilahi varlığın bir parçası olduğunu və bizim də əsl çabamızın Ona qovuşmaq, Onunla bütünləşmək olduğuna inanırlar. Cüneyd Bağdadi deyir ki, sevən öz vəsflərinin yerinə sevgilisinin vəsflərinə bürünür.[5] Bunu tərənnüm edən misralardan biri belədir:

“Ondan ayrılmaq necə mümkün olar, harda? Ondan başqa biri yox ki Kainatda.”[6]

Eşq kəlməsinin necə təhrif edildiyini və yersiz yerdə necə ifadə edildiyini görmək üçün Mövlananın Şəmsi Təbrizə yazdığı məşhur eşq məktubuna baxmağınız kifayətdir. Bu məktubda iki kişi cinsinin bir-birinə qarşı dilə gətirə bilməyəcəyi sözlər, eşq kəlməsi ilə yeridilməyə çalışılmışdır. İnsan oxuduqca iyrənir. İnsanın yaradana, dostun-dosta, qardaşın –qardaşa, bacıya məhəbbəti olar eşqi yox.

Eşqin bir başqa təhrif yönünü, düşünmədən danışan ya da qəsdli olaraq insan əxlaqına, ailəyə, qadın və kişi münasibətlərinə zərbə vurmağa çalışan düşüncə və cərəyanlarda görürük. Hətta zinakarların dilində belə yayğınlaşmışdır bu kəlmə. Belə ki, günümüzdə və xüsusi ilə Türkiyədə bu kəlmə nikahsız əlaqə quranların, zina edənlərin dilinə düşmüşdür. Onlar, özlərinin etdikləri çirkin zina işlərinə “aşk” adını verir və bunu  müdafiə etmək məqsədi ya da normal göstərmək cəhdi ilə: “Bu bir aşk, biz aşk yaşıyoruz” deyə, bilirlər. Yəni zinanı süsləyib, adına eşq demək surətiylə onu da adi hal olaraq göstərməyə çalışırlar.

Eşq, naməhrəm olan qarşı cinsə bəslədiyiniz qovuşma arzusudur. Eşqi nə zaman məhəbbətə dönüşdürdürərsəniz o zaman daha dəyərli olur. Leyli və Məcnunun bir-birinə olan eşqinin məhəbbətə dönüşməsi kimi… Bir-birinə aşiq olub sevən hər bir cinsin ailə quraraq, bu eşqlərini məhəbbətə dönüşdürmələri kimi. Eşqi, məhəbbətə dönüşməyən aşiqlərin qurduqları ailə çox zaman dağılır. Uca Allah, bir insanın hüzur tapması və ailə içi məhəbbətin yaranmasının təməllərini bu ayədə söyləyir:

“Rahatlıq tapasınız deyə sizi iki cüt olaraq yaratması, aranıza qarşılıqlı sevgi və mərhəmət qoyması, Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir xalq üçün ibrətamiz dəlillər vardır. (Rum 31/21).

Sevgi və mərhəmət, məhəbbətin bir parçasıdır. Məhəbbəti olanlar, sevdiyi şeylərin və insanların, yoldaşının, ailəsinin cəfasına qatlanır.

Məhəbbət, daha çox bir-birini sevən ailədə, Yaradanın dilində, kitabında mövcuddur. Yaradan, yarattıqlarına olan məhəbbətindən bəhs edər. İnsandan da istədiyi budur.[7] İnsan həm Yaradana həm də yaradılanlara məhəbbət bəsləməlidir. Bununla yanaşı nəyə məhəbbət bəsləməməsi lazım olduğunu da söyləyir.[8] İnsana lazım olan məhəbbətdən yoxsul qalmaq, İblisin halına düşməkdir. İblis, məhz bu məhəbbətə sahib olmadığı üçün (imtahan edildiyi zaman) Allahın yaratdığı insana da Allaha da qarşı çıxdı.

Məhəbbət sözünü istəmək sözü ilə də qarışdırmaq olmaz. Çünki, Məhəbbətlə istəmək arasında da fərq vardır. İstəməyin çərçivəsi, məhəbbətdən çox daha genişdir. Buna görə də hər məhəbbət bir istəyi ifadə etsə də, hər istək bir məhəbbəti ifadə etməyə bilir.[9] Başqa sözlə desək, məhəbbət istəməkdən çox daha güçlü duyğu olduğu üçün hər məhəbbətin içində bir istək vardır, ancaq hər istəyin içində bir məhəbbət olmaya bilir.

Xülasə olaraq; Eşqə özünəməxsus, məhəbbətə özünəməxsus dəyəri vermək lazımdır.

Kəlmələr, bizim həyatımızın təməl daşlarıdır. Uca Allah, bizi kəlmələrlə imtahan edir.[10] Onları doğru qavrayıb, hər birini öz yerinə qoymağı, işlətməyi bacarmalıyıq. Sağlam düşüncəyə, əxlaqa və şəxsiyyətə sahib olmaq üçün bunlar vacibdir. İnsan, bu kəlmələrin haqqını verməklə ucalır. Əksi təqdirdə nə dəyərlərimiz qalır nə də Allah qatında qiymətimiz.

Müəllif: Aydın Mülayim.

[1] Əbu Hilal əl Əskəri “əl-fərq fil-luğə” , s. 199.

[2] Uca və Mübarək.

[3] Bax: Bəqərə 2/261; Ənam 6/59, 95.

[4] İbn Ərəbi, “Divan” s. 85.

[5] Abdülqadir, Resailü’l-Cüneyd, s. 42; Sərrac, İslam Tasasvvufu, s. 86-87.

[6] İbn Ərəbi, “Divan” s. 91.

[7] Bax: Bəqərə 2/165; Maidə 5/54.

[8] Bax: Ali İmran 3/32; Nisa 4/107; Maidə 5/87; Şura, 42/40.

[9] İsfəhani “Müfrədat”.

[10] Bax: Bəqərə 2/31, 124.