Təqva nədir?
Təqvalı olmağın/Özünü qorumağın zərurəti.
Təqva, Ərəbcə bir kəlmədir. “Viqayə” məsdərindən törəmiş bu kəlmə “Qorunmaq, çəkinmək” anlamına gəlir[1]. Quranda (285 dəfə) ən çox keçən kəlmələr arasındadır.
Təqva, hər cür zərərə və pisliyə aparan şeylərdən, günahlardan insanın özünü qoruması deməkdir[2]. Özünü bu kimi şeylərdən qorumuş insana da Quran “Müttəqi” deyir.
Uca Allah, bizim müttəqi bir mömin olmağımızı istəyir. Elçilərini kitabıyla birlikdə göndərməsinin əsl səbəbi də budur[3].
Müttəqi ola bilməyimiz üçün ən başda özümüzü şirkdən qorumalıyıq. Çünki şirk, günahların ən böyüyü və Allahın bağışlamayacağı bir günahdır[4].
İnsanın maddi və mənəvi dəyərlərini qoruması üçün də təqvaya ehtiyacı var. Çünki insanın təbiətinə Allah nəfsi yerləşdirmiş və bu nəfs ona iki şeyi daim fısıldayır. Bu barədə Quranda belə buyurulur:
“Nəfsə və onu şəkilləndirənə. Sonra ona pis olanı və təqvanı/çəkinməsi lazım olanı ilham edənə” (Şəms 91/7-8).
Bu ayədən başa düşürük ki, Allah hər insanla ünsiyyət, dialog içindədir. İstər pis bir iş görsün istərsə də yaxşı bir iş görsün fərqi yoxdur. Pis bir işə daldığı zaman ona xəbərdarlıq edir ki, həmin işdən çəkinsin. Yaxşı işə daldığı zaman da onu təşviq edər və ilham verir ki, həmin işi başa çatdırsın. İnsan yaradılış təbiəti etibarı ilə hər daim öz nəfsində/içində bu iki müxalif qüvvə ilə mübarizə aparır və imtahan edilir. Uca Allahın: “Mən yer üzündə müxalif bir varlıq yaradacağım[5]” – deməsi də insanın belə bir təbiətdə olmasına işarət edir.
Təqvalı olmaq/zərər verəcək şeylərdən qorunmaq, insanlığımızı qorumağın vacib bir məsələsi olduğu üçün, bizdən əvvəlki ümmətlərə də bunun tövsiyə edildiyini görürük:
“Sizdən əvvəl kitab verilənlərə də sizə də tövsiyə etdik ki; “Allaha qarşı gəlməkdən çəkinin!” (Nisa 4/131).
İnsan ağlı doğru və əyrini idrak etmək qabiliyyətinə sahibdir. Təqva, bu mühakimə qabiliyyətini gücləndirən bir cövhərdir:
“Ey iman gətirənlər! Əgər Allaha qarşı gəlməkdən çəkinsəniz, O sizə doğru və əyrini ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir” (Ənfal 8/29).
Bu kimi ayələrdən Əbu Hənifənin sözü də öz təsdiqini tapmış olur:“Həqiqi elm, insanın öz nəfsinə nəyin faydalı, nəyin zərərli olduğunu bilməsidir”.
Doğruları qəlbinə, nəfsinə hakim edən insana Quran “ulul əlbab/ağlına sahib insan”- deyir. Ağlına, dilinə sahib insanlar, özlərinə toxunacaq olan zərərlərdən, pisliklərdən çəkinməyi yəni təqvalı olmağı seçərlər. Çünki insanları maddi və mənəvi zərərlərdən qoruyan ən yaxşı libasın/örtünün “təqva libası” olduğunu yaxşı bilirlər. Buna əxlaq libası/örtüsü də deyilir: “Libasların ən yaxşısı, təqva libası/sizi qoruyan libasdır (Əraf 7/26).
Ağlını işlədən insanların tərsinə, onu işlətməyən ya da qəlbinin və nəfsinin əmrinə verərək, əyriliyə yönəldən insanları isə Quran “səfeh” adlandırır. Səfeh insanlar özlərinə və başqalarına toxunacaq zərərlərə məhəl qoymaz, halal-haram tanımadan günaha dalarlar ki, bunlara müttəqilərin ziddi “füccar/günahkarlar” deyilir[6].
İnsanların gördükləri işlər, onların təqvalı olub olmaması üzərindən dəyərləndilir. Qurani-Kərimdə, əgər bir insan təqvalı isə və gördüyü işlər onu pisliklərdən qoruyursa, məhz beləsinin əməlinin qəbul ediləcəyi əksi təqdirdə edilməyəcəyi bildirilməkdədir. Məsələn; ən önəmli ibadətlərin belə qayəsinin bu olduğunu görürük:
-Qılınan Namaz: “Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə/Sahibinizə qulluq edin ki, özünüzü qoruyasınız” (Bəqərə 2/21).
“Həmçinin: “Namazı düzgün qılın və Allaha qarşı gəlməkdən çəkinin!” (deyə əmr olundu). Siz Onun hüzuruna toplanacaqsınız! (Ənam 6/72).
–Tutulan Oruc: “Ey inanıb güvənənlər! Oruc sizdən əvvəlkilərə yazıldığı kimi sizə də yazıldı ki, əyri/zərərli şeylərdən çəkinəsiniz” (Bəqərə 2/183).
Hədislərin birində belə deyilir: Allahın yalan danışmaq və yalanla iş görməyi tərk etməyənlərin yemək-içməyi tərk etməyinə və ac qalmağına ehtiyacı yoxdur”[7]
–Kəsilən Qurban: “Onlara Adəmin iki oğlu ilə əlaqəli xəbəri olduğu kimi söylə. Bir gün ikisi də qurban təqdim etmişdi, birindən qəbul edilmiş, digərindən qəbul edilməmişdi. Qurbanı qəbul edilməyən: “Səni mütləq öldürəcəyəm!”, – dedi. Digər qardaşı isə: “Allah ancaq müttəqilərdən/özünü pisliklərdən qoruyanlardan qəbul edər”, – dedi (Maidə 5/27).
Hər işin özündə təqva durur. Təqvalı insan özünü əsir edən pisliklərdən uzaq durmasıyla dünyada azad olduğu kimi, axirətdə də qurtuluşa nail olur:
“Bacardığınız qədər Allaha qarşı gəlməkdən çəkinin! Ona qulaq asın, itaət edin və öz xeyriniz üçün (Allah yolunda) xərcləyin! Nəfsinin xəsisliyindən qorunanlar əsl nicat tapanlardır” (Təğabun 64/16).
“Yaxşılıq və təqvada/pisliklərdən qorunmaqda bir-birinizlə yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allaha qarşı gəlməkdən özünüzü qoruyun! Həqiqətən. Allahın cəzası şiddətlidir” (Maidə 5/2).
Təqvalı olmaq, Allahın sevgisini qazanmaq deməkdir. Çünki Quranda təqvalı insanları sevdiyini bildirir:
“Kim əhdini yerinə yetirsə və günah işləməkdən çəkinərsə bilsin ki, Allah müttəqiləri/günah işləməkdən çəkinənləri sevər” (Ali İmran 3/76).
“Şübhəsiz ki, Allah müttəqiləri sevir” (Tövbə 9/4,7).
Uca Rəbbimiz, yaratdığı insanlar arasında millətinə, rənginə görə bir fərq qoymaz. Ancaq təqvasına görə onları fərqləndirir və belə buyurur:
“Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır” (Hucurat 49/13).
Peyğəmbərimiz əleyhissəlam Vəda xütbəsində belə buyurmuşdur: “Ey insanlar! Rəbbiniz birdir. Atanız da birdir. Hamınız Adəmin övladlarısınız, Adəm də torpaqdandır. Ərəbin Ərəb olmayana qarşı bir üstünlüyü olmadığı kimi; qızıl dərilinin qara dəriliyə, qara dərilinin də qızıl dəriliyə qarşı bir üstünlüyü yoxdur. Üstünlük ancaq təqvada/Allahdan çəkinərək özünü qorumaqdadır. Allah qatında ən dəyərli olanınız Ondan ən çox çəkinənizdir”[8].
Qurani-Kərim, bizə təqvalı insanların birbaşa cənnətə girəcəyini bildirir. Axirətdə hər kəsin müxtəlif bəhanələrlə günahlarını bir-birinə atacağını, bir-birinə düşmən kəsiləcəyini hətta ən sevdiklərinin və uğruna malını, canını, ömrünü fəda etdiyi yaxınların; qardaşın-qardaşa, övladın-valideynə, ərin-arvada, ən yaxın dostların bir-birinə düşmən kəsiləcəyini deyir. Ancaq müttəqilər xaric:
“O gün təqvalılar/pisliklərdən çəkinənlər istisna olmaqla, ən yaxın dostlar bir-birinə düşmən olacaqlar” (Zuxruf 43/67).
Nəticə etibarı ilə, bir insan öz fitri dəyərlərini və ya Allahın kitabını həyatına tətbiq etdiyi zaman öz insanlığını, milli-mənəvi dəyərlərini qorumuş olar, bəşəriyyətə faydalı olar, dünya və əbədi axirət səadətinə nail olmuş olar.
MÜƏLLİF: Aydın Mülayim.
[1] Raqib əl İsfəhani, “Müfrədat”.
[2] Raqib əl İsfəhani, “Müfrədat”.
[3] Bax: Bəqərə 2/2-6.
[4] Bax: Nisa 48, 116.
[5] Bax: Bəqərə 2/30.
[6] Bax: Sad 28.
[7] Buxari, “Savm” 8; Müslim, “Siyam” 90.
[8] Beyhaki, Şuabul İman, H. No: 4774.